Menu
İrəvan azərbaycanlılarına qarşı törədilən soyqırımlar

İrəvan azərbaycanlılarına qarşı törədilən soyqırımlar

Azərbaycanlılara qarşı etnik təmizləmə. 1905-1906-cı il soyqırımları: 1905-1906-cı illərdə Rusiyada baş verən iğtişaşlardan fürsət kimi istifadə edən ermənilər, Bakı, İrəvan, Yelizavetpol (Gəncə) və Tiflis quberniyalarında dinc azərbaycanlılara qarşı kütləvi qırğınlar törətmişlər. Erməni silahlı dəstələri İrəvan-Naxçıvan-Zəngəzur-Qarabağ və Qazax-Gəncə istiqamətlərində yerləşən azərbaycanlı yaşayış məskənlərinin əhalisini qırmaqla, qovmaqla və həmin ərazilərdə erməniləri məskunlaşdırmaqla gələcəkdə qurmaq istədikləri “Böyük Ermənistan” dövlətinin əsasını qoymaq istəyirdilər. XIX əsrin 90-cı illərində xarici dövlətlərin təhriki ilə Türkiyə ərazisində baş qaldıran erməni üsyanlarının yatırılmasından sonra 400 mindən artıq erməni (onların bir çoxu silahlı idi) cənubi Qafqaza axışmışdı. Qaçqın erməni ailələrini məskunlaşdırmaq üçün erməni kilsəsi, erməni siyasi partiyaları və erməni ziyalıları birgə “çıxış yolu” tapmışdılar: silah gücünə, kütləvi qırğınlar törətməklə azərbaycanlıları öz tarixi-etnik torpaqlarından qovmaq, boşaldılan ərazilərdə erməni ailələrini məskunlaşdırmaq. “Kaspi” qəzetinin müxbiri həmin dövrdə İrəvandan alınan məktublar əsasında yazırdı ki, ermənilər İrəvan quberniyasından bütün müsəlmanları sıxışdırıb çıxarmağı və sərbəst surətdə onların yerində Türkiyədən gələn erməniləri məskunlaşdırmağı qərara alıblar. 1897-ci il Ümumrusiya siyahıyaalmanın nəticələrinə görə, İrəvan quberniyasında mövcud olan 1301 kənddən 959-da türklər, 342-də ermənilər məskunlaşmışdı. İrəvan şəhərinin daxil olduğu İrəvan qəzasında mövcud olan 221 kənddən 151-də türklər, 55-də ermənilər, 15 kənddə isə ermənilərlə türklər qarışıq şəkildə yaşayırdılar. Azərbaycanlı kəndləri üzük qaşı kimi İrəvan şəhərini əhatə edirdi. Ona görə də ermənilərin törətdiyi qırğınlar İrəvandan başlayaraq ətraf bölgələrdə davam etdirilmişdi. 1905-ci il fevralın əvvəlində Bakıda ermənilər tərəfindən bir nəfər azərbaycanlının şəhərin mərkəzində qətl edilməsindən sonra o dövrün mətbuatında “erməni-müsəlman qırğınları” adlandırılan kütləvi iğtişaşlar başlanmışdı. Erməni siyasi partiyaları “Daşnaksutyun” və “Hnçak” partiyalarının terrorçu silahlı dəstələrinin törətdikləri qırğınlara Çar Rusiyası administrasiyasının biganə qalması qırğınların miqyasının genişlənməsinə səbəb olmuş, iğtişaşlar tezliklə İrəvan şəhərinə də sirayət etmişdi. Əsərlərini A-do imzası ilə çap etdirən erməni müəllifinin (onun əsl adı Hovanes Ter-Martirosyandır) verdiyi məlumata görə, İrəvan şəhərində birinci erməni-türk toqquşması 20-22 fevral 1905-ci il tarixində baş vermişdir. Fevralın 20-də bazar günü səhər saat 10-da şəhərdə ermənilər şayiə yayırlar ki, guya Qantar (Tərəzi) meydanında türklər erməniləri doğrayırlar”. Şəhərdə böyük çaxnaşma yaranır. Bazardakı ermənilər şəhərin erməni hissəsinə, türklər isə türklər yaşayan hissəsinə qaçışırlar, bir neçə saniyə ərzində bazar tamamilə boşalır. Təxminən 15 dəqiqə davam edən atışmadan sonra şəhər xəstəxanasına bir-birinin ardınca ölülər və yaralılar daşınır. Bir qədər sonra ölən və yaralanların sayı 14-ə çatır. Fevralın 21-22-də də qırğınlar davam etmişdir. A-donun məlumatına görə, İrəvan şəhərində baş verən birinci toqquşma nəticəsində hər iki tərəfdən 54 nəfər öldürülmüş və yaralanmışdır. Şəhərdə ticarətə 5 gün ərzində ara verilmişdir. Erməni silahlı dəstələrinin növbəti hədəfi Naxçıvan qəzası olmuşdur. 1905-ci il mayın 5-də erməni silahlılarının ermənilər yaşayan Şıxmahmud kəndinin yaxınlığından keçən üç nəfər Cəhri kəndinin sakinlərini yaralamaları ilə Naxçıvan qəzasında erməni-müsəlman qırğınları başlanmışdır. Qafqazın canişini Voronsov-Daşkov iğtişaşların qarşısının alınması üçün general Maqsud Əlixanov-Avarskini Naxçıvana göndərir. (M. Əlixanov-Avarski general Hüseyn Naxçıvanskinin bacısının əri idi. Ona görə də “Daşnaksutyun” partiyası Əlixanov-Avarskiyə ölüm hökmü çıxartmışdı. İkinci Qafqaz diviziyasının komandanı olan general-leytenant Əlixanov-Avarski 1907-ci il iyulun 3-də Gümrüdə erməni terrorçuları Dro, Kamo tərəfindən qətlə yetirimişdi). Ermənilər Naxçıvan qəzasında azərbaycanlılardan layiqli cavab aldıqdan sonra qınlarına çəkilmiş, qırğınların mərkəzini Şərur-Dərələyəz və İrəvan qəzarlarına keçirməyə nail olmuşdular. Naxçıvanda qırğınlar dayandırılan kimi, ermənilər İrəvanda yenidən qarışıqlıq olacağı haqda xəbərlər yaymağa başlamışdılar. Qarşıdan gələn təhlükəni aradan qaldırmaq üçün şəhərin erməni və müsəlman nümayəndələri yığışıb birgə tədbirlər həyata keçirməyi qərara almışdılar. Quberniya rəhbərliyinin yardımı ilə hər iki millətin nümayəndələrindən ibarət 22 nəfərlik sərəncamçı komissiya təşkil olunmuşdu. Şəhərə nəzarət etmək üçün onu kvartallara bölmüş və hər bir kvartala nəzarət etmək üçün bir neçə nüfuzlu erməni və müsəlman ayrılmışdı. Şəhər polismeysterindən xahiş edilmişdi ki, komissiyaya yardım etsin və mühafizəni gücləndirsin. Lakin görülən tədbirlər İrəvanda növbəti qırğınların qarşısının alınması üçün yetərli olmamışdı. Mayın 23-26-da İrəvan şəhərində baş verən ikinci qırğınlar miqyasına görə daha dəhşətli olmuşdu. İrəvan şəhərində baş verən qırğınlar, ermənilərin törətdikləri qətl və qarətlər haqqında o dövrün qəzetlərindən bəziləri doğru-dürüst xəbərlər vermişdilər. Nisbətən tərəfsiz qəzet hesab olunan «Qafqaz» qəzetində verilən xəbərə görə, İrəvanda iğtişaşların davam etdiyi ilk üç gün ərzində 31 nəfər – 9 erməni, 21 müsəlman, 1 aysor öldürülmüş, 24 erməni, 10 müsəlman, 1 yəhudi və 1 rus yaralanmışdır. Mayın 26-da baş verən qırğınlar haqqında isə “Kaspi” qəzeti “Tiflisskiy listok” qəzetinə istinadən yazırdı ki, bir tatarın (azərbaycanlının) evinə atılan bombadan 24 nəfər ölüb və yaralanıb, tatarların məskun olduqları Təpəbaşı məhəlləsində də bombalarla evlər partladılıb, çoxlu adam tələf olub, Zəngi dərəsində də çoxlu həlak olanlar var. Erməni silahlı dəstələri İrəvan şəhərini üzük qaşı kimi əhatə edən azərbaycanlı kəndlərinə silahlı hücumlar edərək onları yandırmış, əhalisinin böyük əksəriyyətini məhv etmişdilər. Üç aylıq fasilədən sonra 1905-ci il sentyabrın 18-də İrəvanda üçüncü erməni-müsəlman qırğınları başlanmışdır. İrəvan quberniyasının general-qubernatoru prins Lui Napoleon Bonapartın (Fransanın imperatoru Napoleon I Bonapartın nəslindəndir) sentyabrın 19-da İrəvandan göndərdiyi teleqramda deyilirdi ki, sentyabrın 18-də gündüz saat 3-də 10 nəfər müsəlman şəhərdən kəndə qayıdarkən şəhərətrafı bağların yanında orada olan ermənilərdən biri atəş açmış, nəticədə bir nəfər tatar ölmüş, biri isə ölümcül yaralanmışdır. Dərhal hadisə yerinə mühafizə növbətçisi, pristavın köməkliyi ilə atlı qoşun hissələri gəlmiş, onlar bağda 5 ermənini həbs etmişlər. Saat 5-də tutulmuş ermənilər şəhərə gətirilmiş, onların ətrafına erməni və müsəlman dəstəsi toplaşmış, hay-küy salmağa başlamışlar. Atlı dəstəyə əmr verilmişdir ki, toplaşan dəstəni dağıtsın, bundan sonra dəstə bazar və bulvar tərəfə istiqamətlənib. Müsəlmanlardan birinin atəş açması ilə kütləvi atışma başlanıb. İğtişaşlar zamanı 8 müsəlman, 2 erməni öldürülmüş, 3 müsəlman, 8 erməni yaralanmışdır. General-qubernator Napoleonun iğtişaşların qarşısını qətiyyətlə alması ermənilərə sərf etmirdi. Onlar hər vasitə ilə onun vəzifədən uzaqlaşdırılmasına çalışırdılar. Qafqazın canişini ermənipərəst Voronsov-Daşkov üçüncü erməni-türk qırğınlarının yatırılmasından bir müddət sonra Napoleonu general-qubernator vəzifəsindən azad etmişdi. Oktyabrın əvvəlində vəziyyət yenidən gərginləşmişdi. İrəvan quberniyasının yeni general-qubernatoru qraf Vladimir Tizenhauzenin yanında İrəvan şəhərinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə sakitliyin bərpa edilməsi və qorunması üçün müvəqqəti komissiya yaradılmışdı. Komissiya üzvlərinə səlahiyyət verilmişdi ki, milli ədavət nəticəsində ziyan çəkmiş sakinlərə vurulan ziyanın miqdarını müəyyənləşdirsin və iki həftə ərzində həmin ziyanın qarşı tərəfdən ödənilməsi üçün şəhər orqanları qarşısında məsələ qaldırsın. İrəvanın adlı-sanlı ziyalılarından Pənah xan Makinski, Kərbəlayi Məmməd Əliyev, Ağa xan İrəvanski, Mir Abbas Mirbabayev, Ələkbər bəy İsmayılov, Abbasqulu bəy Hacıbəylinski komissiyanın üzvləri idilər. 1906-cı ildə Tiflisdə Qafqazın canişini Voronsov-Daşkovun sarayında erməni-müsəlman toqquşmalarına son qoymaq məqsədilə sülh konfransı keçirilir. O dövrün mətbuatında “Erməni-müsəlman qurultayı” adlandırılan həmin konfransda canişinliyin bütün heyəti, Tiflis, Yelizavetpol və İrəvan qubernatorları, ermənilərin 28, müsəlmanların 29 nümayəndəsi, iki qazı və iki yepiskop iştirak edir. İrəvan quberniyasının müsəlman nümayəndələrini Ağa xan İrəvanski, Abbasqulu bəy Hacıbəylinski, şahzadə Şahqulu Mirzə təmsil edirlər. Martın 7-dək davam edən həmin konfransda müsəlman nümayəndələri Əhməd bəy Ağayev, Əlimərdan bəy Topçubaşov, Ədil xan Ziyadxanov və başqaları «Daşnaksutyun» partiyasının niyyətlərini ifşa edir, onun Qafqazda törədilən qırğınların, terrorçuluğun təşkilatçısı və icraçısı olduğunu göstərir, rəsmi hökumət dairələrinin bu təşkilatın əməllərinə göz yumduğunu sübuta yetirirlər. [91] Tiflisdə keçirilən konfransın nəticəsi olaraq Erməni-müsəlman barışıq komissiyası yaradılmışdı. Lakin toqquşmaların səngiməsindən bir qədər sonra erməni silahlı dəstələri yenidən qırğınlara başlamışdılar. Erməni müəllifi A-donun verdiyi məlumata görə, İrəvan şəhərində dördüncü erməni-müsəlman toqquşması 1906-cı il mayın 27-də və iyunun 8-9-da baş vermişdir. A-Donun yazdığına görə, toqquşma mayın 27-də İrəvandakı Qantar (Tərəzi) meydanında başlayır. Atışma çox qısa davam edir. Köməyə gələn qoşunlar qayda-qanunu bərpa edirlər. Lakin 36 nəfər ölü və yaralı verdikdən sonra. Öldürülən 22 nəfərdən 13-ü erməni, 7-si türk, 1-i molokan, 1-i yəhudi olmuşdur. 14 yaralının 7-si erməni, 4-ü türk, qalanı başqa millətlərin nümayəndələri olmuşlar. A-donun məlumatına görə, iyunun 8-də İrəvanda yenidən toqquşma başlasa da, qoşunların qəti tədbirlərə əl atması sayəsində t5ezliklə yatırılır. Bu dəfəki toqquşmada hər iki tərəfdən 10 nəfər öldürülür. Qətlə yetirilənlərdən 5-i türk, 3-ü erməni, 1-i kürd, 1-i yəhudi olmuşdur. 19 yaralıdan isə 13-ü türk, 6-sı erməni olmuşdur. İyunun 9-da səhər güclü atəşlə açılsa da, itki olmamışdı. M. S. Ordubadi 1905-ci ildə indiki Ermənistan ərazisində ermənilərin törətdikləri soyqırımı belə səciyyələndirmişdir: «İrəvan mahalı bir yanar dağa, vulkana dönüb nəcib islam millətini yandırmaqda, boğmaqda idi…» Yalnız “Difai” partiyasının Gəncədə meydana çıxmasından, onun yerli şöbələrinin yaranmasından və bu partiyanın üzvlərinin erməni terroruna qarşı eyni üsullarla mübarizə aparmasından sonra qırğınlara son qoyulmuşdu. XX əsrin əvvəllərində İrəvan şəhərində azərbaycanlı əhalinin sayı erməni əhalisinin sayına təqribən bərabər idi (12,5 min nəfər). Lakin 1905-1906-cı illərdə İrəvanda ermənilərin törətdikləri kütləvi qırğınlardan sonra əhalinin etnik tərkibi ermənilərin xeyrinə dəyişmişdi. İmkanlı azərbaycanlıların bir qisminin İrəvandan köçməsi şəhərdə azərbaycanlıların mövqeyini xeyli dərəcədə zəiflətmişdi. Araşırmaların nəticəsi göstərir ki, 1905-1906-cı illərdə sayları on min silahlıdan artıq olan erməni birləşmələri Bakıda, İrəvan şəhərində və onun ətraf kəndlərində, Eçmiədzin (Üçkilsə), Şərur-Dərələyəz və Naxçıvan qəzalarında, Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasının Gorus, Qapan ( Qafan) və Qarakilsə (Sisyan) nahiyələrində, Şuşa, Cavanşir, Cəbrayıl, Qazax qəzalarında, Tiflis şəhərində və Borçalıda kütləvi qırğınlar törətmiş, 200-dən artıq yaşayış məntəqəsini viran qoymuşlar.

Azərbaycanlılara qarşı etnik təmizləmə. 1918-1920-ci il soyqırımları: Birinci Dünya müharibəsi illərində Şərqi Anadolunu ələ keçirmək üçün hücuma keçən Rusiya ordusunun tərkibində hərbi xidmət keçən 150 min erməni əsgəri var idi. Üstəlik, tərkibində təqribən 10 min könüllünü birləşdirən 4 erməni drujinası da Eçmiədzin kilsəsinin xeyir-duası ilə Cənubi Azərbaycan ərazisindən (Xoy, Urmiya, Səlmas əyalətləri üzərindən) və Qars vilayəti üzərindən hərəkət edərək rus qoşunlarına qoşulmuşdu. Fürsətdən istifadə edən erməni silahlıları keçdikləri yolların üzərindəki azərbaycanlı və türk kəndlərini darmadağın edir, əhalisini ucdantutma məhv edirdilər. 1917-ci ilin noyabrında Rusiyada hakimiyyət çevrilişi nəticəsində rus qoşunlarının silah-sursatı erməni komandirlərinə təhvil verərək Şərqi Anadoludan geri çəkilməsindən sonra ermənilər qırğınların miqyasını daha da genişləndirmişdilər. 1918-ci ilin fevralından etibarən türk qoşunları əks hücuma keçərək erməni qoşunlarını Şərqi Anadoludan təmizləmişdi. Ermənilərin və onların havadarlarının Birinci Dünya müharibəsi dövründə Şərqi Anadoluda müstəqil erməni dövləti yaratmaq niyyətləri baş tutmamasından sonra İrəvan quberniyası və ona bitişik ərazilərdə erməni dövləti yaratmaq ideyası gündəliyə gəlmişdi. Andranikin, Hamazaspın, Dronun, Njdehin komandanlığı altında geri çəkilən erməni ordusu əvvəlcə Ərzurum və Qars vilayətlərində, sonra isə İrəvan quberniyasında və Zəngəzurda müsəlmanlara qarşı əsl soyqırım həyata keçirmişdi. Şərqi Anadolunun Rusiya işğalı dövründə qırğınlar törədilməsində iştirak edən ermənilər də erməni qoşunları ilə bərabər Cənubi Qafqaza axışmışdılar. Həmin dövrdə Türkiyədən gələn 350 min erməninin böyük bir qismi İrəvan quberniyasında məskunlaşmış, nəticədə azərbaycanlıların vəziyyəti daha da ağırlaşmışdı. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri təkcə İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımız soyqırıma məruz qoymuşdu. İrəvan quberniyasından olan qaçqınların problemi ilə məşğul olmaq üçün hələ 1918-ci ilin martında Cənubi Qafqaz (Zaqafqaziya) Seymi nəzdindəki Müsəlman fraksiyasının qaçqınlar şöbəsi yaradılmışdı. Müsəlman fraksiyası Seym hökuməti qarşısında məsələ qaldırmış, nəticədə İrəvan quberniyasında müsəlmanlara qarşı edilən qırğınlara son qoyulması məqsədilə nümayəndə heyəti göndərilmiş, araşdırmaların nəticələri Seymin iclasında müzakirə edilmiş, qaçqınların vəziyyətinin müəyyən dərəcədə yüngülləşməsinə nail olunmuşdusa da, qırğınları dayandırmaq mümkün olmamışdı. İrəvan quberniyasında yaşayan müsəlmanlara yardım etmək üçün Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin İrəvan şəhərində şöbəsi yaradılmışdı. İrəvan quberniyasında azərbaycanlıların kütləvi qırğınlarının birinci mərhələsi tarixi Azərbaycan torpaqlarında ilk dəfə müstəqil erməni dövlətinin yaranması ərəfəsinə təsadüf edirdi. 1918-ci il mayın 26-da Cənubi Qafqaz Seymi özünü buraxmış və Gürcüstan müstəqilliyini elan etmişdi. Müsəlman Milli Şurasının mayın 27-də keçirilən iclasında Nəsib bəy Yusifbəyov bildirir ki, Batum konfransında təmsil olunan Türkiyə nümayəndə heyətinin qənaəti belədir ki, Cənubi Qafqaz müstəqilliyini qorumalıdır, onun birliyinin və həmrəyliyinin qorunması üçün ermənilərə bir qədər torpaq güzəşt olunmalıdır. 1918-ci il mayın 28-də Azərbaycanın və Ermənistanın müstəqilliyi elan edilir. Mayın 29-da Müsəlman Milli Şurasının iclasında İrəvanın siyasi mərkəz kimi Ermənistana güzəşt edilməsi haqqında qərar qəbul edilir. Milli Şuranın İrəvandan olan üzvləri bu güzəştə dərhal öz etirazını bildirirlər. Lakin qərar Milli şuranın 28 üzvündən 16-sının razılığı, üç nəfərin bitərəf qalması və bir nəfərin etiraz səsi ilə qəbul edilir. Milli Şuranın iyunun 1-də keçirilən iclasında Şuranın İrəvandan olan üzvləri Mir Hidayət Seyidov, Bağır Rizayev və Nəriman bəy Nərimanbəyov İrəvanın Ermənistana güzəşt edilməsi haqqında qərara yazılı şəkildə etirazlarını bildirsələr də nəticəsi olmur. İrəvan quberniyasından alınan həyəcanlı xəbərləri yerində öyrənmək üçün nümayəndə heyəti göndərmək qərara alınır. Şərqi Anadoluda türklərə qarşı kütləvi qırğınlar törədən erməni silahlı dəstələrini təqib edən türk qoşunları 1918-ci ilin mayında Gümrü və Böyük Qarakilsə şəhərlərini erməni dəstələrindən təmizləmişdi. Türk ordusu İrəvan şəhərinin 7 kilometrliyindəki Uluxanlı stansiyasınadək gəlib çatsa da, şəhərə daxil olmadan Naxçıvan istiqamətində hərəkət etmişdi. İyunun 4-də Batumda Türkiyə ilə Ermənistan arasında imzalanan sülh və dostluq haqqında barış müqaviləsinə əsasən Ermənistan Respublikasının ərazisi təqribən 10 min kv.km, əhalisi isə 321 min nəfər (o cümlədən 230 min erməni, 80 min müsəlman, 5 min yezidi kürdləri, 6 min digər millətlər) təşkil edirdi. Bu respublikanın ərazisinə Novo-Bəyazid qəzası, İrəvan qəzasının beşdə üçü, Eçmiədzin qəzasının dörddə biri, Aleksandropol qəzasının dörddə biri daxil idi. Milli Şuranın iyunun 13-də keçirilən iclasında ermənilərin müsəlmanlara qarşı törətdikləri qırğınlar barədə İrəvandan gələn xəbərlər müzakirə edilir. İrəvan quberniyası ərazisində ev-eşiyindən didərgin salınan və ac-yalavac dolanan qaçqınların sayının 150 min nəfərə çatdığı, ermənilərin 206 kəndi dağıtdığı bildirilir. Milli Şura İrəvan quberniyasındakı qaçqınlara maddi yardım göstərilməsi üçün nümayəndə göndərməyi qərara alır. Həmçinin İrəvan quberniyası ərazisində mövcud olan türk qoşunlarının komandanlığından xahiş edilmişdi ki, qaçqınlara ərzaq yardımı etsin və onların öz yer-yurdlarına qayıtmaları üçün Ermənistan hökumətinə təsir göstərsin. Andranikin komandanlığı altinda erməni silahlı dəstələrinin Zəngəzuru ələ keçirməsi, Ermənistan hökumətinin Dağlıq Qarabağı mübahisəli ərazi hesab etməsi Azərbaycan diplomatiyasını adekvat addım atmağa vadar etmişdi. Azərbaycanın Gürcüstandakı diplomatik nümayəndəsi Ermənistanın Gürcüstandakı nümayəndəsinə məktubunda Qarabağın mübahisəli zona hesab edilməsi haqqında Ermənistanın iddiasının tərəflər arasında əldə olunmuş razılığın pozulması demək olduğunu, Azərbaycan tərəfinin də İrəvan şəhərinə, İrəvan quberniyasının Eçmiədzin, Novo-Bəyazid və İrəvan qəzalarının bir hissəsinə ərazi iddiası hüququnu özündə saxladığını bildirmişdi. 1918-ci il oktyabrın 30-da imzalanan Mudros sazişinə əsasən türk qoşunlarinin Cənubi Qafqazdan geri çəkilməsindən sonra ermənilərin İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı kütləvi qarət-qırğınlarının ikinci mərhələsi başlanmışdır. Azərbaycan hökuməti dekabrın sonlarında Məhəmməd xan Təkinskini Ermənistanda diplomatik nümayəndə təyin edir. Azərbaycanın İrəvanda diplomatik nümayəndəliyi fəaliyyətə başlayanadək İrəvan quberniyası ərazisində ermənilərin törətdikləri vəhşiliklər barədə beynəlxalq təşkilatları, Azərbaycan mətbuatını və rəsmi dairələrini İrəvan Müsəlman Milli Şurası, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyəti və İrəvan Quberniyası Həmyerliləri Təşkilatı məlumatlandırırdı. İrəvan Quberniyası Həmyerliləri Təşkilatının sədri Teymur xan Makinskinin 4 yanvar 1919-cu ildə göndərdiyi məlumatda deyilirdi ki, 1917-ci ilin dekabrından 1918-ci ilin iyun ayına – yəni türk qoşunlarının gəlişinədək İrəvan quberniyasında erməni hərbi dəstələri tərəfindən 200-dən çox müsəlman yaşayış məntəqəsi dağıdılmış, qarət edilmiş, yandırılmış, əhalisinin bir qismi öldürülmüş, bir qismi də dağlara qaçaraq aclıqdan və soyuqdan məhv olmuşlar. Onun məlumatına görə, erməni silahlı dəstələri Sürməli qəzasını bütünlüklə, İrəvan, Eçmiədzin, Şərur-Dərələyəz qəzalarının bir hissəsini ələ keçirərək Naxçıvan istiqamətində hərəkət edirlər. Təqsirsiz müsəlman əhalisi ya məhv edilir, ya da öz kəndlərindən qovularaq dağ yolları ilə İrana qaçırlar ki, bu da elə labüd ölüm deməkdir. Teymur xan Makinski zorla boşaldılmış müsəlman kəndlərində Türkiyədən gələn erməni qaçqınlarının məskunlaşdığını yazırdı. 4 yanvar 1919-cu ildə parlamentin üzvləri Teymur xan Makinskinin, Məhərrəm Mәhәrrәmovun, Әkbәrağa Şeyxülislamovun və İrəvan quberniyası ziyalılarının bir qrupunun imzası ilə parlament sədrinə ünvanlanan müraciətdə deyilirdi ki, İrəvan quberniyasında sırf müsәlmanlar ilә mәskun 500 min әһali özlərini Azәrbaycanın ayrılmaz bir parçası hesab edir və arzu edirlәr ki, talelәri Paris sülһ konfransında һәll oluncaya qәdәr asayiş içində yaşamalarına ermənilər mane olmasınlar. Erməni qoşunlarının törətdikləri qırğınların miqyası sadalandıqdan sonra parlamentdən xahiş edilirdi ki, İrәvan müsәlmanlarının mövcudiyyətinin müһafizәsi üçün lazım gәlәn tәdbirlər görülsün. İrəvan quberniyası müsəlmanlarının nümayəndələri adından 1919-cu ilin yanvar ayında Mir Hidayət Seyidovun Azərbaycan hökumətinin başçısına ünvanlanmış müraciətində isə qeyd edilirdi ki, Ermənistan hökuməti erməni qaçqınlarını silah gücünə qovulmuş müsəlmanların məskun olduqları ərazilərdə məskunlaşdırır. Məqsəd ondan ibarətdir ki, mümkün olan qədər müsəlmanları məhv edərək bütün qəzalardan onları təmizləsinlər ki, Paris konfransında həmin ərazilərin ermənilərə məxsusluğunu sübut edə bilsinlər. Müttəfiqlərin Cənubi Qafqazdakı qoşunlarının komandanı general A. Tomsonun ermənipərəst mövqeyi erməniləri yeni-yeni əraziləri ələ keçirməyə iştahlandırırdı. 1919-cu il mayın 28-də Ermənistan Parlamenti Türkiyənin 6 vilayətinin Ermənistana ilhaq edilməklə “Birləşmiş Ermənistan” dövlətinin qurulması haqqında akt qəbul edir. “Birləşmiş Ermənistan”a Ermənistan hökumətinin Azərbaycana qarşı iddia etdiyi ərazilər də daxil edilmişdi. 4 iyun 1919-cu ildə Azərbaycan xarici işlər nazirinin müavini A.Ziyadxanov Ermənistandakı diplomatik nümayəndə M.Təkinskiyə göndərdiyi məktubda Fövqəladə Parlament Komissiyasının yaradılacağını bildirmiş və həmin Komissiya üçün İrəvan quberniyasında ermənilərin törətdikləri qırğınlar barədə məlumat toplamağı tapşırmışdı. Azərbaycan hökuməti İrəvan quberniyası ərazisində azərbaycanlılara qarşı qırğınların dayandırılması üçün intensiv surətdə Ermənistanın müvafiq qurumları ilə əlaqə saxlayırdı. Ermənistan hökuməti isə diplomatik yazışmalarla baş qataraq işğalçılıq siyasətini davam etdirirdi. Arxiv sənədləri sübut edir ki, ermənilər bircə gün də olsun İrəvan quberniyasında azərbaycanlılara qarşı qətl və qarət hərəkətlərini dayandırmamışlar. “Azərbaycan” (rusca) qəzeti 29 iyun-1 iyul 1919-cu il tarixlərində dərc edilmiş “Ermənistanda müsəlmanların vəziyyəti” məqaləsində İrəvan şəhərinin azərbaycanlı əhalisinin faciəli vəziyyət haqqında yazırdı: “Ermənistan Respublikasında müsəlmanların vəziyyəti faciəvidir. İrəvanda gözəl evlərin və bağların böyük əksəriyyəti müsəlmanlara məxsus idi… Türk qoşunları İrəvana yaxınlaşdığı zaman şəhərin müsəlman əhalisi nədənsə qorxaraq şəhəri tərk etmişdi. Onların malına, mülkünə Türkiyədən olan erməni qaçqınlar sahib çıxmışdılar. Ermənistan hakimiyyətini qəbul edən müsəlmanlar şəhərə geri qayıdarkən yollarda erməni silahlıları tərəfindən tamamilə qarət edilmişdilər… Varlı bağlara, gözəl evlərə malik müsəlmanları erməni qaçqınları öz evlərinə buraxmadıqlarından qışdan bu yana məscidlərdə sığınacaq tapmışlar… Ermənistan hökuməti minlərlə qarət edilmiş, ac-yalavac, xəstə müsəlmanları açıq havada yaşamağa məcbur edir… Müsəlmanların çəkdiyi işgəncələri təsvir etmək çətindir. Çoxları buna dözmür və dəli olurlar… Müsəlmanların evlərini zəbt edən ermənilər, onlardan külli miqdarda vəsait aldıqdan sonra evlərini qaytarır və müsəlmanlar bundan sonra sığındıqları məscidlərdən evlərinə qayıda bilirlər. Ermənistan hökuməti qəsdən və düşünülmüş surətdə erməni qaçqınlarını müsəlman məhəllələrində və evlərində məskunlaşdırır…“Azərbaycan” qəzeti (rusca) 9 iyul 1919-cu ildə “İrəvan və Qarabağ” məqaləsində isə yazırdı: “Daşnakların İrəvan quberniyasında müsəlman əhaliyə qarşı törətdiyi cinayətlər cəzasız qalıb və nə ictimaiyyətə, nə də mətbuata bəllidir. 1918-ci ilin martında “Bütün müsəlmanlara ölüm” məqsədini elan edən daşnaklar tərəfindən İrəvan quberniyasının Sürməli qəzasının bütün müsəlman kəndləri məhv edilmiş və yandırılmışdır. Qəzanın sakinləri ucdantutma məhv edilmişdir. Quluna, Yaycı, Oba, Qazıqışlaq, Amarat kəndlərinin demək olar ki, bütün əhalisi doğranmışdır. Möcüzə nəticəsində qurtulan 6000 nəfər Dizə kəndinə toplaşırlar ki, Araz çayından keçib İrəvan qəzasına gəlsinlər. Erməni qoşunları bu kəndi mühasirəyə alıb, əhalini qırırlar. Bədbəxt qurbanların qanını məscidin hovuzuna axıtmışlar…Sürməli qəzasında daş-daş üstə qalmayıb… Digər qəzaların – Novo-Bəyazid, Eçmiədzin və İrəvan qəzalarının müsəlmanlarının vəziyyəti daha acınacaqlıdır. Bu qəzalarda qırğınlar daha qeyri-insani həyata keçirilmişdir. Burada süngülərlə hücum və bombardman edilməkdə əsl müharibə gedib. Ermənilərin hücumlarının qarşısı qəhrəman oğulların sayəsində “Qurd qapısı”nda alınması sayəsində yalnız Şərur və Naxçıvan salamat qalmışdır… İrəvanın və qəzaların kütləvi surətdə Qarsa köçən müsəlman əhalisinin vəziyyəti ermənilərin ora gəlməsindən sonra daha da ağırlaşıb. Onlar (yəni azərbaycanlılar) Anadolu dağlarında sığınacaq axtarmağa məcburdurlar. Görünür, azsaylı erməni xalqına İrəvan quberniyasında müsəlman əhaliyə törətdiyi dəhşətlərin miqyası kiçik gəlir. Xaricdən aldıqları köməklə daşnaklar İrəvan faciəsini Qarabağda da törətməyə çalışırlar. Azərbaycandakı ermənilərin vəziyyəti ilə İrəvandakı müsəlmanların vəziyyətini müqayisə etmək maraqlı olardı. Ermənilər bizim respublikamızda tamhüquqlu vətəndaşdırlar. Onlar bütün vətəndaş azadlıqlarından istifadə edirlər, parlamentdə və hökumətdə təmsil olunublar, onların övladlarının təhsili üçün dövlət külli miqdarda vəsait xərcləyir, heç kim onlara toxunmur, onlar digər quberniyalarda özlərinə sığınacaq axtarmırlar. İrəvan müsəlmanlarının isə bir hissəsi məhv edilmiş, bir hissəsi səpələnmişlər və özlərinə heç yerdə sığınacaq tapa bilmirlər.” Bu məqalə Azərbaycanda yaşayan ermənilərlə Ermənistan Respublikasında yaşayan azərbaycanlıların fərqini əyani şəkildə ifadə edirdi. Azərbaycan Parlamenti 17 iyul 1919-cu il tarixli iclasında Zəngəzur qəzasından və İrəvan quberniyasından olan qaçqınların vəziyyəti ilə bağlı məsələ müzakirə etmişdir. Bağır bəy Rizayev bir il əvvəl İrəvanda 22 min müsəlman yaşadığını və onların çoxunun şəhəri tərk etdiklərini, son vaxtlar isə tək-tək qayıdanların evlərini və əşyalarını dağıdılmış gördüklərini söyləyir. O, erməni hökumətinin müsəlman qaçqınlarına kömək etmədiyini bildirir. Qarabəy Qarabəyov deyir: “Erməni aclarına, erməni hökuməti tərəfindən və Amerika heyətindən güclü taxıl gətirilib verilib. Amma oradakı müsəlmanların hamısı başdan-başa ac, paltarsız qapıdan-qapıya dolanırlar. Halları xeyli pisdir… Ermənistanda müsəlmanlar üçün bu cür yaşamaq mümkün deyildir… Müsəlman kəndlərində olan müsəlmanları çıxarıblar. İrəvan aclar ilə doludur. Xahiş edirlər ki, (xeyriyyə təşkilatları nəzərdə tutulur) onlar kəndlərinə gedib ot ilə, ələfiyyat ilə yaşasınlar. Amma onları kəndə buraxmayıb deyirlər ki, kənddə 45 ev varsa, hamısı ermənilər ilə dolub, artıq müsəlman gələ bilməz. Xülasə, rəsmi xəbərlərə görə, ermənilər müsəlmanlar olmazın zülmlər edirlər. Qabaqda da ediblər. Qəbiristanlığın daşlarını belə çıxarıb, dağıtmışlar. Məscidlərin qapısını, pəncərəsini çıxarıb aparıblar. Damını uçurub orada rəzalətlər yapırlar.” Sultan Məcid Qənizadə isə Ermənistan hökumətinin əsl simasını açaraq deyir: “Orada qardaşlarımızı kəsirlər, öldürürlər. Məqsədləri odur ki, müsəlmanlardan bir dənə qalmasın. Ata-baba yerlərindən tərk olsunlar…” Himayəçilik Nazirliyinin Ermənistandakı müvəkkili Teymur xan Makinskinin 11 noyabr 1919-cu ildə Himayəçilik Nazirliyinə göndərdiyi məruzəsində Ermənistan hökumətinin əsl siması açılırdı: “1918-ci ilin fevralından davam edən qırğınlar nəticəsində 0,5 milyon əhali dilənçi vəziyyətinə düşüb. (Naxçıvan qəzasından, Şərur məntəqəsindən, Sürməli məntəqəsinin 2-3-cü polis sahələrindən və Zəngibasar rayonundan başqa). Həmin ərazilərdə müsəlman əhali hər şeyini itirib. Dağıntıya məruz qoyulan rayonlarda əhali 200 min nəfərdən artıqdır. Onlar xəstəlikdən və aclıqdan məhv olurlar, dəfələrlə talanlara və qırğınlara məruz qalıblar. Bu kateqoriyaya İrəvan şəhərinin müsəlmanları, Zəngibasarın Göykümbət, Arbat, Ağcaqışlaq və Çarbax kəndləri aiddir. Qəti demək olar ki, ölənlərin sayı 100-120 min nəfərdir. 50 min nəfər Azərbaycana qaçqın kimi gəlib. Təqribən bir o qədər İrəvanda, Zəngibasar rayonunda, Sürməli qəzasının 2 məntəqəsində və Eçmiədzində yaşayırlar. Qalan qaçqınlar Naxçıvan qəzasına, Şərur məntəqəsinə, Sürməli qəzasının 3-cü sahəsinə və Qars vilayətinin Qağızman dairəsinə sığınıblar. Bəziləri Maku xanlığına və Türkiyə ərazisinə köçüblər. İndiki məqamda 50 min nəfərə ərzaq yardımı (un, taxıl və çörək şəklində) göstərilməlidir. İrəvan şəhərində aclıq keçirən əhalinin sayı 8 min nəfərdir.” 1919-cu il dekabrın 20-də Tiflisdə İrəvan quberniyası və Qars vilayətindən gələn qaçqınların söylədiklərinə əsasən tərtib edilən protokolda qeyd olunurdu ki, Araz və Tarasum çaylarının digər sahilində, Uluxanlı stansiyasından 17 verst məsafədə, daha təhlükəsiz yerdə mal-mülkü talan edilmiş və tamamilə yandırılmış 50 min qaçqın toplaşmışdır. Bundan əlavə, Azərbaycanın İrəvandakı nümayəndəliyinin sərəncamında 14 nəfər əməkdaşın çalışdığı, onların da vəzifəsinin İrəvandakı qaçqınları himayə edərək, onları Azərbaycana göndərməkdən ibarət olduğu, lakin İrəvandan 20 verstdən artıq uzaq məsafədə olan qaçqınların isə taleyin hökmünə buraxıldıqları da protokolda qeyd edilmişdi. Azərbaycan Parlamentinin 5 yanvar 1920-ci ildə keçirilən iclasında qaçqınların məsələsi müzakirə edilmiş, Ermənistandan 300 min qaçqının gəldiyi qeyd olunmuşdur. Azərbaycanın Ermənistandakı diplomatik nümayəndəliyindən Mir Mahmud Mirbabayevin 25 yanvar 1920-ci ildə Azərbaycan XİN-ə göndərdiyi məxfi məktubunda göstərirdi ki, İrəvan şəhərində müsəlmanların vəziyyəti daha ağırdır: müsəlman mağazaları yoxdur, evlər dağıdılıb, təhlükəsiz yaşayış üçün heç bir zəmanət yoxdur.” 1920-ci ilin aprelində Azərbaycanda bolşeviklərin hakimiyyəti ələ almasından sonra yaranmış fürsətdən istifadə edən daşnak hökumətinin azərbaycanlılara qarşı törətdikləri qırğınlar  yeni mərhələyə qədəm qoyaraq daha kütləvi və kəskin xarakter almışdı. 1919-cu ildə 29 min əhalisi olan İrəvan şəhərində 14 min nəfər, Eçmiədzin qəzasında isə 6 ay ərzində 4 min nəfər aclıqdan həlak olmuşdu Təbii ki, aclıqdan həlak olanların mütləq əksəriyyəti azərbaycanlılar olmuşdular. Çünki həmin dövrdə azərbaycanlılar evlərindən bayıra çıxa bilmədiklərindən ölümə məhkum edilmişdilər. Halbuki, həmin dövrdə Ermənistanda doktor Yarrounun sədrliyi ilə Amerikanın Ermənistana Yardımı Komitəsi fəaliyyət göstərirdi. İrəvan şəhərində azərbaycanlıların bir qisminin erməni qırğınlarından canlarını salamat qurtarmalarının başlıca səbəbləri onların kompakt şəkildə (şəhərin Dəmirbulaq, Təpəbaşı, Qala şəhər və Köhnə şəhər hissələrində) məskun olmaları, Azərbaycanın diplomatik nümayəndəliyinin, Azərbaycan Himayəçilik nazirliyinin, Bakı Müsəlman Xeyriyyə Cəmiyyətinin İrəvan şəhərində fəaliyyət göstərən nümayəndələrinin mümkün qədər nəzarətləri olmuşdu. Yerlərdə isə belə nəzarət olmadığından erməni silahlı dəstələri azərbaycanlılara qarşı qətl və qarətləri istədikləri şəkildə həyata keçirirdilər. Ümumiyyətlə, 1918-1920-ci illərdə erməni silahlı dəstələri tərəfindən Şamaxı qəzasında 58, Quba qəzasında 112, Gəncə quberniyasında 323 (o cümlədən, Zəngəzurda 166, Qarabağda 157), İrəvan quberniyasında 300, Qars vilayətində 82 yaşayış məntəqəsi yerlə-yeksan edilmiş, yüz minlərlə azərbaycanlı qətlə yetirilmiş, bir milyona yaxın əhali öz tarixi-etnik torpaqlarından didərgin salınmışdır. Ümumiyyətlə, 1905-1920-ci illərdə təkcə indiki Ermənistan ərazisində 500-dən artıq azərbaycanlı kəndləri dağıdılmış, onların böyük əksəriyyəti erməni yaşayış məntəqəsinə çevrilmişdi. 1916-cı ildə İrəvan quberniyasında 373582 nəfər azərbaycanlının yaşadığı təsbit edildiyi halda, 1920-ci ilin noyabrında Ermənistan SSR-də cəmisi 12 min nəfər azərbaycanlı qeydə alınmışdı. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra azərbaycanlıların az bir qismi öz evlərinə qayıda bilmişdi. 1922-ci ildə İrəvanda cəmisi 5124 azərbaycanlı yaşadığı halda, ermənilərin sayı 40396 nəfərə çatmışdı. Başqa sözlə, 1918-1920-ci illərdə Azərbaycanlılar 2,5 dəfə azalmış, ermənilərin sayı isə təqribən 4 dəfə artmışdı. 1918-1920-ci illərdə Ermənistanda azərbaycanlılara qarşı sözün həqiqi mənasında soyqırım törədildiyi qənaətinə gəlmək üçün arxivlərdə və həmin dövrün mətbuatında kifayət qədər faktlar mövcuddur. Ermənilərin XIX-XX əsrlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım və deportasiya aksiyalarına hüquqi-siyasi qiymət vermək məqsədiliə Azərbaycan Respublikasının prezidenti 26 mart 1998-ci ildə “Azərbaycanlıların soyqırımı haqqında” fərman imzalamış və bütün soyqırım faciələrini yad etmək məqsədilə 31 mart Azərbaycanlıların Soyqırım günü elan edilmişdir.

Nazim Mustafa
tarix üzrə fəlsəfə doktor