Menu
1948-1953-cü illər deportasiyası

1948-1953-cü illər deportasiyası

İstər çar Rusiyası dövründə, istərsə də Sovet hakimiyyəti illərində erməni siyasi dairələri tarixi şəraitin verdiyi fürsətdən istifadə edərək öz məkrli niyyətlərini həyata keçirmişlər. Ermənilərin azərbaycanlılara qarşı 1905-1906-cı və 1918-1920-ci illərdə həyata keçirdikləri kütləvi qırğınlar və soyqırım aksiyaları məhz müəyyən tarixi şəraitin onlara verdiyi fürsətin nəticəsi idi ki, bu haqda əvvəlki bölmələrdə ətraflı söhbət açılmışdır. 1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası isə ermənilərin və onların havadarlarının İkinci Dünya müharibəsinin sonunda Sovet İttifaqının üstün mövqeyə çıxması ilə yaranan şəraitdən bəhrələnmək siyasətinin növbəti mərhələsi idi. 1944-cü ilin iyununda Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Qurgen Arutinov məşhur sovet tarixçisi akademik Yevgeni Tarleni İrəvana dəvət edərək, onunla “Qərbi Ermənistan”ın (yəni Türkiyənin Şərqi Anadoludakı ərazisinin bir hissəsinin) Sovet Ermənistanına “qovuşdurulması” aspektlərini müzakirə etmişdi. Nəticədə akademik Tarlenin Sov.İK(b)P MK-ya təqdim etdiyi arayış SSRİ Xalq Komissarları Sovetinin sədri İosif Stalinin yanında müzakirə edilsə, də heç bir qərar qəbul edilməmişdi. İkinci Dünya müharibəsinin sonlarına yaxın ermənilərin Türkiyəyə qarşı ərazi iddiası ilə SSRİ-nin Türkiyəyə hücum etmək planları üst-üstə düşürdü. İ.Stalin Rusiya ilə Türkiyənin 1914-cü il sərhədlərini bərpa etmək, yəni Qars və Ərdahan vilayətlərini yenidən Türkiyədən qoparmaq istəyirdi. Lakin Türkiyədən qoparılması nəzərdə tutulan ərazilərin məskunlaşdırılması problemi qarşıya çıxmışdı. Bu problemin xaricdə məskunlaşan Türkiyə əsilli ermənilərin hesabına həll edilməsi nəzərdə tutulurdu. Qarşıdan isə bütün ermənilərin katolikosunu seçmək kampaniyası gəlirdi. İ.Stalin bu məqamdan istifadə edərək, Eçmiədzin kilsəsinin arxiyepiskopu, katolikos postuna real namizəd Gevorq Çörəkçyanı Moskvaya çağırır. 1945-ci il aprelin 19-da Gevorq Çörəkçyan Stalinlə görüşür. Görüşün sonunda Stalin deyir ki, Sovet hökuməti 1921-ci ildə Türkiyəyə verilmiş torpaqları qaytarmaq istəyir, arzu olunandır ki, həmin torpaqlarda Türkiyədən qaçmış və hazırda xaricə səpələnmiş ermənilər məskunlaşdırılsınlar. Stalin təqribən 100 min erməninin immiqrasiyasını təşkil etmək haqqında tezliklə hökumətin qərarının olacağını bildirir və Eçmiədzin kilsəsinin bu işdə köməklik göstərməsini istəyir.Məhz bu görüşdən sonra ermənilərin xaricdən Ermənistana köçürülməsinə və paralel olaraq, azərbaycanlıların deportasiya edilməsinə ciddi hazırlıq görülür. Sovet hökuməti azərbaycanlıların Ermənistandan köçürülməsinin (əslində, deportasiya edilməsinin) zəruriyyətini Mingəçevir su anbarı tikilib istifadəyə verildikdən sonra Kür-Araz ovalığında yeni suvarılan torpaq sahələrinin yaranacağı və həmin torpaqlarda pambıq yetişdirmək üçün işçi qüvvəsinə ehtiyac olacağı ilə əsaslandırmağa çalışrdı. 1945-ci il mayın 15-də Ermənistan Kommunist (Bolşeviklər) Partiyası Mərkəzi Komitəsinin birinci katibi Q.Arutinov məktubla İ.Stalinə müraciət edərək, xaricdə yaşayan ermənilərin Sovet Ermənistanına “qaytarılması” haqqında qərarın qəbul edilməsini xahiş edir. İyunun 6-da Stalin Kremldə Arutinovu qəbul edir. Arutinov Stalinə Türkiyə ilə 1914-cü ildəki vəziyyətə uyğun sərhədləri bərpa etmək haqqında məktubunu təqdim edir. İ.Stalin xarici işlər naziri Vyaçeslav Molotova tapşırır ki, ona 1914-cü il və 1921-ci il xəritələrini təqdim etsin. Oktyabrın 27-də Arutinov yenidən Stalinin qəbulunda olarkən Stalin ona Sovet hökumətinin Türkiyəyə qarşı ərazi iddiasının gündəlikdən düşmədiyini bildirir. Arutinov 300 mindən artıq erməninin Sovet Ermənistanına can atdığını, lakin ilk öncə “mövcud ədalətsizliyin” aradan qaldırılmasını – yəni Dağlıq Qarabağ və Naxçıvan məsələsinin həll edilməsini xahiş edir. Arutinov görüşün sonunda Dağlıq Qarabağ Muxtar Vilayətinin Ermənistana birləşdirilməsi haqqında növbəti məktubunu Stalinə təqdim edir. SSRİ Xalq Komissarları Soveti 21 noyabr 1945-ci il tarixdə “Ermənilərin xaricdən Sovet Ermənistanına qayıtmaları ilə əlaqədar tədbirlər haqqında” qərar qəbul edir. Bundan bir həftə sonra ÜİK(b)P MK-nın ikinci katibi G.Malenkov Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi barədə Arutinovun Stalin qarşısında qaldırdığı vəsatəti Azərbaycan K(b)P MK-nın birinci katibi M.C.Bağırova göndərir. 1945-ci il dekabrın 10-da M.C.Bağırov həmin məktuba cavab olaraq göndərdiyi məktubda bildirir ki, o, Arutinovun təklifi ilə o şərtlə razıdır ki, Şuşa istisna olmaqla, Ermənistanın əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Əzizbəyov, Vedi və Qarabağlar rayonları Azərbaycana birləşdirilsin.Bundan sonra həmin məsələ qapadılmış, əvəzində azərbaycanlıların Ermənistandan deportasiyası məsələsi aktuallaşmışdı.SSRİ Ali Sovetinin 19 oktyabr 1946-cı il tarixli fərmanına əsasən xaricdən Ermənistana “repatriasiya” edilən ermənilərə (Əslində, xaricdən köçürülüb gətirilən erməniləri “repatriant” adlandırmaq elmi nöqteyi-nəzərdən düzgün deyildi. Çünki köçürülüb gətirilən ermənilər heç vaxt indiki Ermənistan ərazisində yaşamamışdılar) Sovet İttifaqının ərazisinə daxil olduqları andan etibarən SSRİ vətəndaşı statusu verilməsi qərara alınır. Təkcə 1946-cı ildə Suriya, Yunanıstan, Livan, İraq, Bolqarıstan və Rumıniyadan 50 min 900 nəfər erməni immiqrasiya edilir. 1947-ci ildə Fələstin, Suriya, Fransa, ABŞ, Yunanıstan, Misir, İraq və Livandan 35,4 min nəfər erməni qəbul edilərək Ermənistanda yerləşdirilir. Ermənistan rəhbərliyi 1946-cı ilə nisbətən 1947-ci ildə xaricdən köçürülüb gətirilən ermənilərin sayının azalmasının səbəbini onunla izah edirdi ki, xaricdən gələn ermənilər əsasən şəhər sakinləridir, onları dağlıq rayonlarda yerləşdirmək mümkün deyil, köçürülənlər isə yalnız İrəvan və onun ətraf rayonlarında məskunlaşmaq istəyirlər. Ümumiyyətlə, 1946-1949-cu illərdə xarici ölkələrdən Ermənistana 96 min erməni köçürülmüşdü ki, onların da xeyli hissəsi İrəvanda məskunlaşmışdıı. Onlar əsasən şəhər ətrafındakı Nor-Areş, Zeytun, Nor Kilikiya massivlərində məskunlaşdırılmışdılar.Tarixçilər SSRİ-nin Türkiyəyə qarşı ərazi iddiasını İkinci Dünya müharibəsindən sonra SSRİ ilə Qərb dövlətləri arasında “soyuq müharibənin” başlanğıc mərhələsi kimi izah edirlər. Sovet hökuməti ilə ABŞ və İngiltərə arasında aparılan uzun sürən diplomatik danışıqlar nəticəsində nəhayət ki, Sovet hökuməti Türkiyəyə hücum etmək niyyətindən əl çəkmişdi. Ermənilər Sovet hökumətinin köməyi ilə Qars və Ərdahanı ələ keçirmək fürsətini əldən versələr də, 100 mindən artıq azərbaycanlı əhalinin tarixi-etnik torpaqlarından deportasiya edilməsinə nail oldular. 1947-ci il dekabrın əvvəlində Azərbaycan və Ermənistan K(b)P MK-larının birinci katiblərinin adından İ. Stalinin adına məktub göndərilir. Birgə məktubda Ermənistanda yaşayan 130 min nəfər azərbaycanlının köçürülməsi məsələsini həll etmək xahiş olunurdu. Surəti Azərbaycan Respublikası Siyasi Sənədlər Arxivində saxlanılan həmin məktubun altında imza, imzalanma tarixi və göndərilmə nömrəsi qeyd olunmamışdır.1947-ci il dekabrın 23-də SSRİ Nazirlər Soveti “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi haqqında” qərar qəbul edir. Həmin qərarda göstərilirdi ki, 1948-1950-ci illərdə könüllülük prinsipi əsasında Ermənistan SSR-də yaşayan 100 min kolxozçu və digər azərbaycanlı əhali Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülsün. Qərarın 1-ci bəndində 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min və 1950-ci ildə 50 min nəfərin köçürülməsi nəzərdə tutulurdu. Həmin qərarın 11-ci bəndində göstərilirdi ki, Ermənistan SSR Nazirlər Sovetinə icazə verilsin ki, azərbaycanlı əhalinin Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar onların boşaltdıqları tikililəri və yaşayış evlərini xaricdən Ermənistana gələn ermənilərin yerləşdirilməsi üçün istifadə etsinlər. “Digər azərbaycanlı əhali” kateqoriyasına açıqlıq gətirilməsə də, aydın olurdu ki, bu kateqoriya altında Ermənistanın şəhərlərində yaşayan fəhlələr və kolxozçu olmayan azərbaycanlıların köçürülməsi nəzərdə tutulurdu. 10 mart 1948-ci il tarixdə SSRİ Nazirlər Soveti 23 dekabr 1947-ci il tarixli qərarına əlavə olaraq “Kolxozçuların və digər azərbaycanlı əhalinin Ermənistan SSR-dən Azərbaycan SSR-in Kür-Araz ovalığına köçürülməsi ilə əlaqədar tədbirlər haqqında” ikinci qərar qəbul etmişdir. 14 maddədən ibarət olan bu qərarda köçürmə ilə əlaqədar olaraq SSRİ hökumətinin, habelə Azərbaycan və Ermənistan Nazirlər Sovetlərinin qarşısında konkret tədbirlərin həyata keçirilməsi vəzifəsi qoyulmuşdu. Azərbaycanda köçürmə işlərinə əvvəlcə Nazirlər Sovetinin şöbə müdiri, milliyyətcə erməni N.Brutens (uzun müddət Sov.İKP MK-nın beynəlxalq əlaqələr şöbəsi müdirinin birinci müavini olmuş Karen Brutensin atası), sonra isə digər bir erməni R.Sevumyan rəhbərlik etmişdilər. Azərbaycan SSR Nazirlər Sovetinin 1948-ci il 13 may tarixli qərarına əsasən həmin il Ermənistan SSR-in kənd rayonlarının kolxozçuları ilə bərabər İrəvan şəhərinin Stalin və Spandaryan rayonlarından azərbaycanlıların köçürülməsi nəzərdə tutulurdu. 1948-ci ilin sonunda Azərbaycan SSR Nazirlər Sovetinin sədri Teymur Quliyev SSRİ Nazirlər Soveti sədrinin müavini V.Malenkova ünvanlandığı 27 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixli yuxarıda sadalanan qərarlarının yerinə yetirilməsinin vəziyyəti haqqında hesabat xarakterli məktubunda Kür-Araz ovalığına köçürülən əhali üçün bütün zəruri şəraitin olmadığı – yaşayış üçün mənzillərin olmaması, torpağın yararlı hala salınmaması, su təchizatının həll edilməməsi, sanitar-profilaktik müəssisələrinin olmaması vurğulanırdı. Bütün bunları nəzərə alaraq, Ermənistan SSR-dən azərbaycanlıların köçürülmə planında dəyişiklik edilərək bu rəqəmin 1949-cu ildə 15000-dən artıq nəzərdə tutulmaması, Ermənistanın dağlıq rayonlarından köçürülənlərin Azərbaycanın dağlıq rayonlarında yerləşdirilməsinə icazə verilməsi SSRİ Nazirlər Sovetindən xahiş edilir və həmin şəxslərə də SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli güzəştlıərin şamil edilməsinin məqsədəmüvafiq olması qeyd edilirdi. Lakin SSRİ Nazirlər Soveti dəfələrlə edilən bu cür müraciətlərə bir qayda olaraq cavab verirdi ki, təsdiq edilmiş köçürmə qrafikindən kənara çıxmaq olmaz. SSRİ hökumətinin azərbaycanlıların köçürülməsi haqqında verdiyi qərarlar Ermənistan hökumətinə şans vermişdi ki, İrəvan ətrafında və Ermənistanın sərhədləri boyunca mövcud olan azərbaycanlı yaşayış məntəqələrini köçürmək yolu ilə birdəfəlik xəritədən silə bilsin. Ermənistan hökumətinin nümayəndələri azərbaycanlı əhalinin psixoloji cəhətdən köçürülməyə hazırlanması üçün müxtəlif şayiələr yayırdılar. Ermənistan SSR-in daxili işlər naziri general-mayor Xoren Qriqoryanın imzası ilə 3 may 1948-ci ildə Mir Cəfər Bağırova ünvanlanmış “Azərbaycan SSR-ə qarşıdakı köçürülmə ilə əlaqədar Ermənistanın azərbaycanlı əhalisi arasındakı əhval-ruhiyyə haqqında arayış”da təkcə köçürülməsi nəzərdə tutulan rayonların azərbaycanlı əhalinin deyil, bu işdə marağı olan, Dağlıq Qarabağın və Naxçıvanın Ermənistana birləşdirilməsini arzulayan ermənilərin söylədikləri də öz əksini tapmışdır. Azərbaycanlı əhalinin dədə-baba yer-yurdlarından köçmək istəmədiklərini söyləmələri təbii idi. Ermənilərin Azərbaycana və Türkiyəyə qarşı ərazi iddiası ilə bağlı söylədikələrinə arayışda yer verilməsi isə dolayısı ilə rəsmi İrəvanın mövqeyini ifadə edirdi. Məsələn, İrəvanda Sosial Təminat Nazirliyi sistemində işləyən bir erməninin söylədiyi aşağıdakı fikirlər arayışda öz əksini tapmışdır: “Azərbaycanlıların Ermənistandan köçürülməsi şübhə doğurmur. İlk növbədə, Araz və Axuryan (Arpaçay) çaylarının sahilləri boyu yaşayan azərbaycanlılar köçürüləcək, sonra Yerevandakı azərbaycanlıların köçürülməsinə başlanacaq. Sərhəd rayonlarının kəndləri də azərbaycanlılardan təmizlənəcək…” Başqa bir erməni isə öz arzularını belə ifadə edirdi: “Azərbaycanlıları təkcə Ermənistandan deyil, eləcə də Naxçıvan MSSR-dən köçürmək və Naxçıvanı Ermənistan ərazisinə birləşdirmək lazımdır”. Arxiv sənədlərində İrəvan şəhərindən azərbaycanlıların deportasiyasına dair faktlar öz əksini tapmışdır. Məsələn, 1948-ci ilin dekabrında İrəvan şəhərindən 64 azərbaycanlı ailəsinin (253 nəfər) köçürüldüyü, 1949-cu ildə isə 400 ailənin köçürülməsinin nəzərdə tutulması faktı qeyd edilmişdir. Köçürülənlər əsasən onların Ermənistanda yaşadıqları rayonların iqlim şəraitinə uyğun olmayan, Zərdab, Əli-Bayramlı, Kürdəmir, Göyçay, Mirbəşir (Tərtər), Salyan, İmişli, Sabirabad, Jdanov (Beyləqan), Yevlax, Ucar, Saatlı rayonlarında yerləşdirilmişdilər ki, onların da bir qismi yoluxucu xəstəliklərə düçar olaraq tələf olmuşdular. Köçürülənlər üçün yeni mənzillər tikilib istifadəyə verilmədiyindən onlar əsasən ictimai binalarda, yararsız tikililərdə, anbarlarda, tövlələrdə, yerli əhalini sıxışdırmaq yolu ilə onların mənzillərində yerləşdirilmişdi. 1948-1950-ci illərdə Ermənistandan köçürülmüş 8110 ailədən yalnız 3232-si yaşayış evləri ilə təmin olunmuşdu. 1953-cü ildə İ.Stalinin ölümündən sonra azərbaycanlıların tarixi-etnik torpaqlarından deportasiyası sürəti azalmış və yaşayış şəraiti ağır olan əhalinin öz əvvəlki yer-yurdlarına geriyə qayıtması prosesi sürətlənmişdir. Azərbaycanlıların deportasiyası nəticəsində Ermənistan rəhbərləri Əştərək, Martuni (Aşağı Qaranlıq), Qarabağlar, Abovyan (Ellər), Eçmiədzin və Hoktenmberyan rayonlarından azərbaycanlıların izinin silinməsinə nail oldular. Ermənistandan azərbaycanlıların deportasiyası başa çatdırıldıqdan sonra digər bir prosesə start verildi. Ermənistanda yaşayan əhalinin azalmasını bəhanə edərək rayon və respublika miqyasında müəyyən vəzifələr tutan azərbaycanlı kadrların ermənilərlə əvəz edilməsi aksiyası həyata keçirildi. İlk növbədə bu proses paytaxt İrəvandan başlandı. Ermənistan KP MK-nın məsul işçiləri Məmməd İsgəndərov və Cümşüd Sultanov, kənd təsərrüfatı şöbəsi müdirinin müavini Rəhim Allahverdiyev, kənd təsərrüfatı nazirinin müavini Hüseyn Məmmədov vəzifələrindən azad edildilər. Ermənistan SSR Ali Soveti sədrinin müavini Mirzə Bəşirov Ali Sovetin 9 aprel 1949-cu il tarixli sessiyasının qərarı ilə tutduğu vəzifədən azad edildi. Onların bəzilərini ali partiya təhsili almaq üçün Bakıya göndərdilər ki, bir daha geri qayıtmaq şansları olmasın. Qarabağlar, Vedi, Zəngibasar, Krasnoselo rayonlarının partiya komitələrinin azərbaycanlı birinci katibləri, digər 10 rayonda isə ikinci və üçüncü katibləri vəzifədən azad edərək yerlərinə erməniləri təyin etdilər. Amasiya, Basarkeçər və Krasnoselo rayonlarından başqa, yerdə qalan rayonlarda Azərbaycan dilində çıxan qəzetlər bağlandı. 2007-ci ildə yaradılmasının 125 illiyi təntənəli surətdə qeyd edilən İrəvan teatrı da azərbaycanlıların deportasiyası haqqında qərarlardan öz payını aldı. Cəfər Cabbarlının adını daşıyan İrəvan Dövlət Azərbaycan Dram Teatrı deportasiya illərinin hər cür təzyiq və sıxıntılarına baxmayaraq, 1948-1949-cu illərdə “Məşədi İbad”, “Leyli və Məcnun”, “Eşq və İntiqam”, “Şah İsmayıl” kimi əsərləri tamaşaya qoymuşdu. Bütün bunlara baxmayaraq, 1949-cu ildə teatr azərbaycanlıların yaşamadığı Basarkeçər rayonunun mərkəzinə köçürülmüş, 1952-ci ildə isə maliyyələşdirilməməsi səbəbindən bağlanmışdı. Teatrın istedadlı kollektivinin üzvləri Bakı və Gəncə teatrlarında özlərinə yeni iş yerləri tapmaq məcburiyyətində qalmışdılar. İrəvan teatrı düz 15 ildən sonra – yəni 1967-ci ildə yenidən İrəvanda fəaliyyətini bərpa etmişdi. Ermənistanda azərbaycanlı əhalini başsız qoymaq, ali təhsilli kadrların çoxalmasına imkan verməmək məqsədilə ilk növbədə X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunda 1937-ci ildən təhsil Azərbaycan dilində olan bölmələri – dil-ədəbiyyat, tarix-coğrafiya, fizika-riyaziyyat fakültələri və Ermənistan Dövlət Qiyabi Pedaqoji İnstitutunda mövcud olan eyniadlı fakültələri bağlanaraq, 1948-ci ildə Azərbaycandakı müvafiq institutlara köçürüldülər. Ermənistanın kənd rayonlarından köçürülən azərbaycanlı əhalinin Xanlar rayonunda məskunlaşmalarına hər cür maneçilik törədildiyi halda, 1924-cü ildə açılan və Azərbaycan elminə görkəmli xadimlər bəxş edən İrəvan Azərbaycanlı Pedaqoji Texnikumu bağlanaraq onun fakültələri kənd rayonu hesab edilən Xanlar rayon mərkəzinə köçürüldü. Təbii ki, azərbaycanlı ali məktəb və texnikum müəllimləri də kütləvi surətdə öz ailələri ilə birlikdə İrəvan şəhərini tərk etmək məcburiyyətində qalmışdılar. 1948-53-cü illər deportasiyası nəticəsində İrəvan şəhərinin azərbaycanlı əhalisi yarıbayarı azalmışdı. Bunu 1939-cu ildə keçirilən siyahıyaalma zamanı İrəvan şəhərində 6569 nəfər azərbaycanlının qeydə alınması müqabilində, 1959-cu ildə 3413 nəfər azərbaycanlının qeydə alınması əyani göstərir. (1949-cu ildə siyahıyaalma keçirilməməşdir). Araşdırmalar göstərir ki, azərbaycanlıların indiki Ermənistan ərazisindəki tarixi-etnik torpaqlarından köçürülməsi (deportasiyası) haqqında SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il tarixli qərarı artıqlaması ilə yerinə yetirilmişdir. Həmin qərarla Ermənistanın 22 rayonundan 100 min azərbaycanlının köçürülməsi nəzərdə tutulmuşdusa da, əslində, adi insan hüquq normalarına zidd olan bu qərarların icrası zamanı avtoritar-totalitar rejimin mövcud repressiya qaydaları zorakı üsullarla həyata keçirilmiş, 24 rayondan və İrəvan şəhərindən (200-dən artıq yaşayış məntəqəsindən) təqribən 100 min nəfər azərbaycanlı deportasiya edilmişdir. Xalqımıza qarşı tarixi cinayət kimi qiymətləndirilən bu aksiyaya hüquqi-siyasi qiymət verilməsi və onun beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 18 dekabr 1997-ci ildə “1948-1953-cü illərdə azərbaycanlıların Ermənistan SSR ərazisindəki tarixi-etnik torpaqlarından kütləvi surətdə deportasiyası haqqında” fərman imzalamışdır. Beynəlxalq ictimaiyyət hələ də 1948-1953-cü illərdə Azərbaycan xalqının başına gətirilən bu faciənin miqyasından xəbərsizdir. Sovet hakimiyyəti illərində repressiyaya və deportasiyaya məruz qoyulan xalqlar haqqında son dövrdə çoxlu tədqiqat əsərləri yazılmışdır. Lakin azərbaycanlıların Ermənistandan 1948-1953-cü illər deportasiyası o dövrün rəsmi sənədlərinin ruhuna uyğun olaraq, hələ də sadəcə “köçürülmə” faktı kimi dəyərləndirilir.

Nazim Mustafa
tarix üzrə fəlsəfə doktor