Menu
İrəvanlı Şəxsiyyətlər

İrəvanlı Şəxsiyyətlər

Məhşur irəvanlılar:

Abbas MəmmədovAbbas Məmmədov: XIX əsrin 60-cı illərində tacir ailəsində anadan olmuşdur.  İsfahanda fars dilini öyrənmiş, İrəvanda mədrəsədə təhsil almışdır. 1881-ci ildə İrəvanda açılan müəllimlər seminariyasında ərəb və fars dillərindən dərs demişdir. Fars dilini mükəmməl bildiyi üçün onu Fars Abbas deyə çağırırlarmış. 1912-ci ildə Bakıda “Orucov qardaşları” mətbəəsində “Güldəstə” adlı dərsliyi fars dilində çapdan cıxmışdır. 1913-cü ildə onun eyni zamanda Bakıda, Tiflisdə və İrəvanda fars dilində “Bədrağatül-Əftal”(“Balalara hədiyyə”), “Caмоучителъ фарсидкого языка для русских” dərslikləri nəşr edilmişdir. 1918-ci ildə İrəvanda törədilən qırğınlar zamanı Təbrizə pənah gətirmiş və bir il sonra orada vəfat etmişdir. Onun böyük oğlu Cabbar Məmmədzadə (1882-1937) İrəvan müəllimlər seminariyasını 1902-ci ildə bitirmiş, 1907-ci ildən həmin seminariyada müəllim işləmişdir. 1918-ci ilin avqustunda müəllimlər seminariyası bağlandıqdan sonra Naxçıvana gəlmiş, iki il oradakı ali ibtidai məktəbdə dərs demişdir. Həmin illərdə onun 3 kitabı (“Самоучителъ тюрского языка для русских”, “Самоучителъ русского языка для тюрок”, “Самоучителъ русского языка для персов”) nəşr olununr. O, 1920-ci ildə Bakıya köçmüş və ali məktəblərdə mühazirələr oxumuşdur. 1937-ci ildə “Azərbaycanda tədris metodikası tarixi” adlı əsərinə görə ona pedaqoji elmlər doktoru elmi dərəcəsi verilmişdir. Həmin ilin oktyabr ayında o, həbs olunmuş və güllələnmişdir. Mirzə Cabbarın oğlu Cəlal Məmmədov (1918-1983) Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsini bitirsə də ədəbiyyata meyl etmişdir. Maarif Nazirliyində və “Azərnəşr”də məsul vəzifələrdə işləmiş, sonralar Teleradio Dövlət Komitəsində sədr müavini, “Kommunist” qəzetində redaktor müavini vəzifələrində calışmışdır. 1966-cı ildə “Azərbaycan” jurnalının baş redaktoru təyin edilmiş, 1975-ci ildən ömrünün sonunadək isə Kitab Ticarəti, Poliqrafiya və Nəşriyyat işləri üzrə Dövlət Komitəsi sədrinin birinci müavini vəzifəsində işləmişdir.

AAbbas Tahirbbas Tahir: 1912-ci ildə Qəmərli rayonun Məsimli kəndində anadan olmuşdur. 1931-ci ildə İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunu bitirmişdir. 1928-ci ildən ədəbi yaradıcılığa başlamışdır. O, İrəvanda azərbaycan dilində yeganə mətbuat orqanı olan “Qızıl şəfəq” qəzetinin ən aktiv müxbirlərindən biri olmuşdur. A.Tahir 1943-cü ildə İrəvan Dövlət Pedaqoji İnstitutunun Dil-ədəbiyyat fakültəsini bitirmişdir. Onun 1934-cü ildə “İlham mənbəyi”, 1947-ci ildə isə “Qələbə baharı” adlı şeirlər kitabı nəşr edilmişdir.

 

Abdullah MirzəyevAbdullah Mirzəyev: 1915-ci ildə İrəvanda anadan olmuşdur. İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin fəallarından biri olmuşdur. O, İrəvanda azərbaycan dilində nəşr edilən “Zəngi” qəzetinin ən aktiv müxbirlərindən biri olmuşdur. O, 1937-ci ildə repressiyaya məruz qalmışdır.

 

 

Ağabəy BağırbəyovAğabəy Bağırbəyov: İrəvan şəhərində anadan olmuşdur. O, İrəvan gimnaziyasını bitirdikdən sonra Kiyev Universitetinin Hüquq fakültəsini bitirmişdir. O, bir sıra mühüm vəzifələrdə çalışmışdır

 

 

Bağır RzazadəBağır Rzazadə: 1893-cü ildə İrəvan şəhərində anadan olmuşdu. 1903-1912-ci illərdə İrəvan gimnaziyasında oxumuşdur. 1911-ci ildə Moskva Universitetinin hüquq fakültəsinə daxil olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin baş katibi, Araz Türk Cümhuriyyətinin inzibati naziri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının üzvü, Zaqafqaziya Seyminin və Zaqafqaziya Seyminin Müsəlman fraksiyası üzvü olmuşdur. Aprel işğalından sonra mühacirət həyatı yaşamış daha sonra Azərbaycana geri dönmüşdür. 1927-ci ildə siyasi təzyiqlərə dözməmiş, özünü öldürmüşdü.

 

Bağır SeyidzadəBağır Seyidzadə: 1912-ci-ildə İrəvanda anadan olmuşdur. Ermənilərin 1918-ci ildə törətdikləri qırğınlar səbəbindən seyidzadələr ailəsi Tiflisə köçməyə məcbur olurlar. B.Seyidzadə burada Əncümən məktəbində təhsil almışdır. O, 1925-ci ildə Bakıya gələrək toxuculuq fabrikində işləmiş və fəhlə fakültəsində oxumuş, sonra Sənaye İnstitutuna daxil olmuşdur. B. Seyidzadə 1932-39-cu illərdə “Gənc işçi” qəzetində işləmişdir. 1939-40-cı illərdə həmin qəzetin məsul katibi və redaktoru olmuşdur. O, 1940-43-cü illərdə Azərbaycan Gənclər İttifaqının katibi seçilmişdir. Moskvada bir illik diplomatiya kursunu bitirdikdən sonra 1944-49-cu illərdə İranın Maku və Təbriz şəhərlərindəki Sovet konsullqlarında vitse-konsul və baş konsul vəzifələrində çalışmışdır. Təbrizdən qayıtdıqdan sonra kinematoqrafiya naziri və mədəniyyət nazirinin müavini, sonra isə Poliqrafiya və Nəşriyyat İdarəsinin rəhbəri olur. B. Seyidzadə sonralar Radio Verilişləri komitəsində işləmiş, ömrünün son illərində isə Nazirlər Soveti yanında Teleqraf Agentliyində direktor müavini vəzifəsində çalışmışdır. O, rus, fransız və fars dillərini mükəmməl bilirdi. B. Seyidzadə 1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. Qızı, tarix elmləri doktoru, professor Dilarə Seyidzadə hazırda Azərbaycan Respublikası Prezidentinin Katibliyinin rəisi vəzifəsində işləyir.

Bala ƏfəndiyevBala Əfəndiyev: 1893-cü ildə Qərbi Azərbaycanın Qaraqoyunlu mahalında anadan olmuşdur. 1922- ci ildə “Ermənistan” K(b)P MK nəzdnində “Azsaylı xalqlar şöbəsi”- nin müdiri, 1922-ci illərdə “Rəncbər”, 1924-cü illərdə isə “Zəngi” qəzetinin məsul redaktoru olmuşdur. O, 1921-ci ildən 1929-cu ilə qədər İrəvanda işlədiyi dövrdə “Ermənistan” KP MK-nın və MİK-in üzvü, respublika Daxili İşlər Komissarının müavini, MKnın bölmə müdiri və “Ermənistan” İctimai Təminat Naziri vəzifələrində çalışmışdır. 1937-ci ildə repressiyaya məruz qalaraq güllələnmişdir.

 

Budaq BudaqovBudaq Budaqov: 1928-ci ildə Zəngibasar rayonun Cobankərə kəndində anadan olmuşdur. 1945-ci ildə İrəvan Azərbaycanlı Pedaqoji Məktəbini bitirmişdir. 1952-ci ildə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin Coğrafiya fakültəsini bitirmişdir. 1955-ci ildə namizədlik, 1967-ci ildə isə doktorluq dissertasiyasını müdafiə etmişdir. 1976-cı ildə AMEA-nın müxbir, 1989-cu ildə isə həqiqi üzvü seçilmişdir. Uzun müddət Azərbaycan Respublikası Ağsaqqalar Şurasının sədri olmuşdur.

 

Bülbül KazımovaBülbül Kazımova: 1887-ci ildə İrəvan şəhərində anadan olmuşdur. 1914- cü ildə İrəvan rus-müsəlman qız məktəbini bitirmişdir. 1918-ci ilin sonlarında İrəvanda müəllimlik etmişdir. O, Azərbaycanda və “Ermənistan”da neçə-neçə məktəbin, klub və mədəniyyət evinin əsasını qoymuşdur. Ömrünün 50 ildən artıq bir hissəsini İrəvanda Azərbaycan ictimai-mədəni həyatının inkişafına sərf etmişdir. Görkəmli maarif işçisi, ictimai xadim B.Kazımova bir çox orden və metallarla təltif edilmişdir. 1976-cı ildə Bakıda vəfat etmişdir.

 

Cabbar ƏsgərzadəCabbar Əsgərzadə: 1885-ci ildə İrəvanda anadan olmuşdur. İlk təhsilini mollaxanada almışdır. 1914-cü ildə İrəvanda ilk dəfə olaraq “Lək-lək” adlı həftəlik dərği buraxmışdır. 1916-cı ildə Noraşendə (Şərurda) məktəb açır. 1919-cu ildə İrana köçməyə məcbur olur. Onun İrəvanda və İranda milli maarifçiliyimizin inkişafında böyük xidmətləri olmuş bir sıra məktəb və tərbiyə ocaqlarının açılması onun adı ilə bağlıdır.

 

Cabbar QuliyevCabbar Quliyev: 1922-ci il may ayının 19-da İrəvan yaxınlığındakı Zəhmət kəndində anadan olmuşdur. 1961-1988-ci illərdə İrəvan Dövlət Pedsqoji İnstitutunun Azərbaycan şöbəsində təsviri sənət, incəsənət tarix və estetika fənnini tədris etmişdir. 1967-ci ildə “Əməkdar rəssam” fəxri adına layiq görülmüşdür. Onun yaradıcılığında Qərbi Azərbaycanın müxtəlif mənzərələri xüsusi yer tutur. “Ağrı dağı”, “Zəngi çayı”, “Göyçə gölü”, “Qaçqınlar” və s. tablolar onun əsəridir.

 

Cabbar MəcnunbəyovCabbar Məcnunbəyov:  20 iyun 1912-ci ildə İrəvan şəhərində anadan olmuşdur. 1918-ci ildə erməni daşnaklarının İrəvanda azərbaycanlılara qarşı törətdikləri qətliamlar zamanı Məcnunbəyovlar ailəsi də Türkiyəyə köçməyə məcbur olur. Sonra isə Məcnunbəyovlar ailəsi Azərbaycanda məskunlaşır. C.Məcnunbəyov 1927-ci ildə Bakı Pedaqoji Texnikumuna daxil olur. 1934- 38-ci illərdə Azərbaycan Dövlət Nəşriyyatında şöbə müdiri, 1938-39-cu illərdə isə Uşaq və Gənclər Nəşriyyatında şöbə müdiri vəzifəsində çalışmışdır. 1941-ci ildə Partiya Tarixi İnstitutunda elmi işçi kimi çalışmışdır. Yazıçı, dramaturq C.Məcnunbəyov bir sıra əsərlərin müəllifidir. O, 1967-ci ildə Bakı şəhərində vəfat etmişdir.

Ceyran ZeynalovaCeyran Zeynalova: 1924-cü ildə İrəvanda anadan olmuşdur. İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunu bitirmişdir. 1943-cü ildən Amasiya rayonunda pedaqoji fəaliyyət göstərən Ceyran xanım ictimai fəaliyyətinə görə də müxtəlif orden və medallarla təltif edilmişdir. O, 1966-cı ildə “Əməkdar müəllim” adına layiq görülmüşdür.

 

 

Cəfər XəndanCəfər Xəndan: 1910-cu il mayın 8-də İrəvan şəhərində müəllim ailəsində doğulmuşdur. 1918-ci ildə ailəsi Gəncəyə köçmüş, 1925-1929-cu illərdə Azərbaycan Dövlət Pedaqoji İnstitutunda təhsil almışdır. İnstitutun dil və ədəbiyyat fakültəsini bitirdikdən sonra 1932-1941-ci illərdə aspiranturaya daxil olmuş, eyni zamanda institutun ədəbiyyat kafedrasının assistenti, sonra dosenti kimi fəaliyyət göstərmişdir. M.F.Axundov adına Müəllimlər İnstitutunun dil və ədəbiyyat fakültəsinin dekanı, Azərbaycan Dövlət Pedaqoji İnstitutunun kafedra müdiri, Azərbaycan Elmlər Akademiyasının Dil və Ədəbiyyat İnstitutunda şöbə müdiri, həm də Azərbaycan Yazıçılar İttifaqında təşkilat katibi, «Ədəbiyyat qəzeti» redaksiyasının məsul katibi, «Gənc işçi» redaksiyasında ədəbiyyat şöbəsinin müdiri vəzifələrində işləmişdir. 1939-cu ildə namizədlik, 1948-ci ildə isə doktorluq dissertasiyaları müdafiə etmişdir. 1941-ci ildə səfərbərliyə alınmış, Cənub-Qərb, Şimali Qafqaz cəbhələrində siyasi şöbənin baş təlimatçısı, cəbhə qəzetlərində məsul redaktorun müavini olmuşdur. Ordu sıralarından tərxis olunandan sonra Azərbaycan Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı kafedrasında dosent, eyni zamanda «Kommunist» qəzetində mədəniyyət və məişət şöbəsinin müdiri (1946-1947) işləmişdir. Universitetdə filologiya fakültəsinin dekanı (1947-1950), sonra rektoru (1950-1954) vəzifələrində çalışmışdır. 1954-1961-ci illərdə yenidən Azərbaycan Dövlət Universitetinin sovet ədəbiyyatı kafedrasının müdiri olmuşdur.

Əbülfət RəhimovƏbülfət Rəhimov: 1906-cı ildə Göyçə mahalının Zod kəndində anadan olmuşdur. İrəvan Azərbaycanlı Pedaqoji Texnikumunu bitirmişdir. 1928-ci illərdə Basarkeçərdə nəşr olunan “Qırmızı Basarkeçər”, İrəvanda nəşr edilən “Zəngi”, “Qızıl şəfəq” qəzetlərində xeyli sayda şeirləri və məqalələri dərc edilmişdir. O, keçmiş SSRİ Yazıçılar İttifaqının üzvü, 1931-ci ildə isə “Ermənistan” Proletar Yazıçılar İttifaqının azərbaycanlı bölməsinin məsul katibi olmuşdur. İrəvanda Azərbaycan ədəbi-mədəni mühitinin tərəqqisində fəal iştirak edən ziyalılarımızdan idi.

 

Əfşan QədimbəyovaƏfşan Qədimbəyova: Mirzə Qədim İrəvaninin Qədimbəyov soyadını daşıyan törəmələri içərisində bir çox parlaq şəxsiyyətlər olmuşdur. Onların arasında 1915-ci ildə İrəvan şəhərində anadan olmuş Əfşan xanım xüsusilə seçilir. O, 1929-cu ildə İrəvan Pedaqoji Texnikumunu bitirdikdən sonra 1931-1935-ci illərdə Azərbaycan Pedaqoji İnstitutunun (indiki Azərbaycan Pedaqoji Universiteti) pedaqoji fakültəsində təhsilini davam etdirmişdir. Ana dili ilə yanaşı, rus və ingilis dillərini mükəmməl bilən Əfşan xanım iki il Moskvada Pedaqoji İnstitutun aspiranturasında təhsil aldıqdan sonra Bakıya qayıtmış, 1942-ci ildə Azərbaycan Gənclər İttifaqının üçüncü katibi seçilmiş və dörd il həmin vəzifədə çalışmışdır. Daha sonra N.Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinin partiya komitəsinin katibi, Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində fəaliyyət göstərən Ə. Qədimbəyova, 1949-1956-cı illərdə Azərbaycan Dövlət Xarici Dillər İnstitutunun rektoru işləmişdir. Əfşan xanım 1953-cü ildə həm də Azərbaycan SSR Ali Soveti sədrinin müavini seçilmişdir. 1965-ci ildə “1920-1941-ci illərdə Azərbaycanda məktəbəqədər tərbiyənin inkişafı mövzusunda” namizədlik dissertasiyası müdafiə etmişdir. Ə.Qədimbəyova dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. Ə.Qədimbəyova 1968-ci ildən 1978-ci ilə qədər Azərbaycan Pedaqoji İnstitutunda kafedra müdiri vəzifəsində çalışmış və 1980-ci ildə dünyasını dəyişmişdir. Mirzə Qədim İrəvaninin rəssamlıq ənənəsini onun nəticəsi, Əməkdar incəsənət xadimi İsmət Axundov davam etdirmişdir. 1925-ci ildə İrəvan şəhərində anadan olmuş İ. Axundov ilk təhsilini İrəvanda almış, sonra Ə. Əzimzadə adına Rəssamlıq Məktəbini bitirmişdir. İ. Axundov əsasən mənzərə janrında əsərlər yaratmışdır.

Əhməd CəmilƏhməd Cəmil: 1913-cü il oktyabrın 20-də İrəvan quberniyasının İrəvan şəhərində sənətkar ailəsində doğulmuşdur. İbtidai və orta təhsilini Gəncədə almışdır. «Gözəl Qafqaz» adlı ilk şeiri 1928-ci ildə «Qızıl Gəncə» jurnalında dərc olunmuşdur. Azərbaycan Proletar Yazıçılar Cəmiyyətinin Gəncə bölməsində fəal iştirak etmişdir. Sonra Bakıda Ali Pedaqoji İnstitutun ədəbiyyat fakültəsində təhsilini davam etdirmişdir (1930-1933). Şəmkir rayonunun Zəyəm kəndində (1933-1936), sonra Gəncədə (1936-1940) orta və ali məktəb müəllimi, metodist olmuşdur. 1940-cı ilin sentyabr ayından Azərbaycan Sovet Yazıçılar İttifaqında poeziya bölməsində məsləhətçi, «Ədəbiyyat qəzeti»ndə ədəbi işçi, məsul katib işləmiş, sonra ittifaqın məsul katibi seçilmişdir (1940-1942). İkinci Dünya müharibəsi illərində Şimali Qafqaz və Krım cəbhə qəzetləri redaksiyalarında çalışmışdır (1942-1943). O, 1944-1948-ci illərdə Yazıçılar İttifaqı İdarə Heyətinin məsul katibi vəzifəsində işləmişdir. 1950-ci ildə Azərbaycan Yazıçılar İttifaqında məsləhətçi, 1951-ci ildə «Ədəbiyyat qəzeti»ndə müvəqqəti redaktor işləmişdir. Azərnəşrdə baş redaktor, redaktor (1953-1955), Azərbaycan Mədəniyyət Nazirliyində məsləhətçi (1956-1959), «Azərbaycan» jurnalının redaktoru (1959-1960), Azərnəşrin baş redaktoru (1962-1963), Gənclik nəşriyyatında redaktor (1964-1967), «Ulduz» jurnalında baş redaktor işləmişdir (1973-1977). Rus, gürcü, Ukrayna, erməni, özbək, belorus, tacik və s. dillərdən Azərbaycan dilinə tərcümələr etmişdir. Əhməd Cəmil 1977-cı ildə Bakıda vəfat etmişdir.

Əhməd MəmmədovƏhməd Məmmədov: 1926-cı ildə İrəvan yaxınlığındakı Əştərək mahalının Sərimsəvəng kəndində anadan olmuşdur. 1948-51-ci illərdə Əştərək və Amasiya rayonunda müstəntiq, 1951-61-ci illərdə Basarkeçər rayonun prokuror köməkçisi, 1961-ci ildən 1969-cu ilə qədər isə Basarkeçər rayonun prokuroru vəzifəsində çalışmışdır. 1971-ci ildə Respublika Prokurorluğunun istintaq şöbəsinin prokuroru, sonra isə Sisian, Görüs, Qafan, Meğrı rayonları üzrə zona prokuroru vəzifəsində çalışmışdır.

 

Əhməd RəcəbliƏhməd Rəcəbli: 1898-ci ildə İrəvanda doğulmuşdur. 1923-cü ildə İtaliyada Ali Eksperimental Aqrar Kral İnstitutunu bitirmişdir. Seleksiyaçı genetik alim, professor, Kənd Təsərrüfatı Akademiyasının (VASXNİL) akademiki olmuşdur. Rus, alman, fransız, ispan, italyan, fars və yunan dillərini bilmişdir. Əhməd Rəcəbli 1924-1930-cu illərdə genetika elminin yaradılması ilə məşğul olmuş, 1930-1936-cı illərdə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda kafedra müdiri olmuşdur. 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuş, 8 il Kolımada sürgündə olmuş, burada istilik təsərrüfatı yaradaraq tərəvəz yetişdirmiş və yeni sortlar almışdır. 1945-ci ildə Ə. Rəcəbli respublikaya qayıtmış, müəllimlik və elmlə məşğul olmuşdur. 1950-ci ildə təkrarən repressiya olunaraq Qazaxıstana sürgün olunmuşdur. Stalinin ölümündən sonra bəraət alaraq Vətənə qayıdıb elmlə məşğul olmuşdur. O, yüzdən artıq elmi işin, 24 monoqrafiyanın müəllifidir. “Azərbaycanda məhsuldarlıq” kitabı iki dəfə nəşr olunmuşdur. Ə. Rəcəblinin apardığı elmi təcrübələr nəticəsində subtropik bitkilərin, qozun, çəyirdəkli və dənli, qozmənşəli meyvələrin yeni sortları əldə edilmişdir. Əhməd Cabbar oğlu Rəcəbli 1963-cü ildə Moskvada vəfat etmiş, Bakıda dəfn edilmişdir.

Əkbər Ağa ŞeyxülislamovƏkbər Ağa Şeyxülislamov: 1891-ci ildә İrəvan şəhərində anadan olmuşdur. Orta tәhsilini İrəvan gimnaziyasında başa vurduqdan sonra, 1912-ci ildә Peterburq Yol Mühәndisliyi İnstitutuna daxil olmuş, 1917-ci ildә Rusiyada fevral inqilabından sonra ali təhsilli mütəxəssis kimi vәtәnә qayıtmışdır. 1918-ci ilin fevralında Ә.Şeyxülislamov Zaqafqaziya Seyminin üzvü seçilmişdir. O, hәmin il fevralın 28-dә Seym tәrәfindәn tәsdiq olunmuş Müsәlman fraksiyasının tәrkibindәki Hümmәt partiyasına daxil olmuşdur. Ә.Şeyxulislamov Zaqafqaziya Seymi tәrәfindәn Türkiyә hökumәti ilә sülh danışıqları aparmaq üçün 1918-ci il martın 1-dә yaradılmış nümayәndә heyәtinin tәrkibinә daxil olmuşdur. O, hәmçinin Zaqafqaziya hökumәtindә daxili işlər nazirinin müavini vəzifəsini icra etmişdir. Ә.Şeyxülislamov 1918-ci il mayın 28-də qəbul edilən Azərbaycanın İstiqlal bəyannaməsini imzalayanlardan biri olmuşdur. O, Fətəli xan Xoyskinin təşkil etdiyi birinci hökumət kabinəsində əkinçilik naziri vəzifəsini tutmuşdur. Ә.Şeyxülislamov 1918-ci il dekabrın 7-dә Bakıda açılmış Azәrbaycan parlamentinә üzv seçilmişdir. O, parlamentdә sosialist fraksiyasının tərkibinə daxil edilmişdir. Ә. Şeyxülislamov parlamentin açılışında daxil olduğu fraksiyanın adından hərarətli nitq söyləmişdir. O, görkəmli siyasi vә ictimai xadim Әlimәrdan bәy Topçubaşovun rəhbərliyi altında Azərbaycan Respublikası nümayәndә heyətinin tәrkibindә 1919-cu ildә açılaçaq Versal sülh konfransında iştirak etmәk üçün Parisә yola düşmüş və 1920-ci ilin aprelində Azərbaycan müstəqilliyini itirdikdən sonra orada qalmışdır. Әkbәr ağa Şeyxülislamov 20-ci illәrdә Azәrbaycandan II İnternasionalın üzvü olmuşdur. Onun İkinci Dünya müharibәsinә qәdәr Parisdә rusca nәşr olunan “Azәrbaycan” jurnalının 2-ci sayında dərc edilmiş “Azәrbaycan necә quruldu” adlı mәqalәsi bu gün də öz aktuallığını saxlayır. Әkbәr ağa Şeyxülislamov 1961-ci il martın 2-dә vәfat etmiş vә Parisin yaxınlığındakı müsәlman qәbiristanlığında dәfn olunmuşdur.

Əkbər İrəvanlıƏkbər İrəvanlı: 1921-ci il iyulun 17-də İrəvan şəhərində anadan olmuşdur. Burada orta məktəbi bitirmiş, 1943-1948-ci illərdə İrəvan Dövlət Universitetinin filologiya fakültəsinin Şərq şöbəsində təhsil almışdır. Əmək fəaliyyətinə 1938-ci ildə İrəvanda Azəbaycan dilində nəşr edilən “Kommunist” (1939-cu ildən «Sovet Ermənistanı») qəzetinin redaksiyasında başlamış, ədəbi işçi, məsul katib, tərcüməçi vəzifəsində işləmişdir. 1951-ci ildə Ermənistan EA M.Abeğyan adına Ədəbiyyat İnstitutunun aspiranturasna daxil olmuş, 1954-cü ildə «Erməni və Azərbaycan xalqlarının dostluq ideyasının ədəbiyyatda inikası» movzusunda namizədlik dissertasiyası müdafiə etmişdir. 1950-1965-ci illərdə İrəvan Dövlət Universitetində Azərbaycan ədəbiyyatı müəllimi olmuş, 1956-cı ildən X.Abovyan adına İrəvan Pedaqoji İnstitutunda Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri işləmişdir. Erməni və Azərbaycan qarşılıqlı ədəbi əlaqələri sahəsində ardıcıl tədqiqat aparmış, bir sıra erməni yazıçılarının əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir. Onun erməni dilində «Erməni və Azərbaycan xalqlarının dostluğunun ədəbiyyatda inikası» (1955), «Cəlil Məmmədquluzadə və erməni xalqı» (1966), «Nəsimi» (1973), «Xatabala» həftəlik qəzeti və «Azərbaycan» (1974) kitabları çap olunmuşdur.
Əkbər Yerevanlının “Azəri-erməni ədəbi əlaqələri. Qədim dövrdən XVIII əsrin sonuna qədər” mövzusunda doktorluq dissertasiyası 554 səhifə həcmində monoqrafiya şəklində 1968-ci ildə İrəvanbda “Hayastan” nəşriyyatında çap olunsa da, ömrünün sonuna kimi onu müdafiə etməyə qoymamışdılar. Əkbər Yerevanlının İrəvan şəhərində Azərbaycan dilində “Erməni-Azərbaycan şifahi xalq ədəbiyyatı əlaqələri” (1958, 270 səh.), “Sabir və erməni xalqı” (1962, 45 səh.), “Hovanes Tumanyan və Azərbaycan ədəbiyyatı” (1974, 131 səh.), “Avetik İsahakyan və Azərbaycan ədəbiyyatı” (1975, 192 səh.) tədqiqat əsərləri və bədii yaradıclıq nümunələri toplanmış bir neçə kitabı çap olunmuşdur. Cəfakeş tədqiqatçı, nasir, dramaturq Əkbər Yerevanlı 1981-ci ildə İrəvan şəhərində vəfat etmiş, valideynlərinin yanında dəfn olunmuşdur. Əkbər Yerevanlının Sabir Rizayevlə birgə yazdıqları 165 səhifəlik illüstrasiyalı “Yunis Nuri” kitabı 1982-ci ildə Ermənistan Teatr Cəmiyyəti tərəfindən İrəvanda çap olunmuşdur. Əkbər Yerevanlının atası Yunis Nuri İrəvanda Azərbaycan teatrının banisi olmuş, 18 yaşından etibarən təqribən 50 il ərzində teatr kollektivinə rəhbərlik etmişdir. Yunis Nurinin oğlu Əziz Süleymanov 1967-1968-ci illərdə teatrın direktoru işləmişdir. 1984-cü ildən teatr bağlananadək Əkbər Yerevanlının oğlu Yunis Süleymanov İrəvan Azərbaycan Dövlət Dram Teatrının direktoru işləmişdir.

Əli MəzhunƏli Məzhun: 1886-cı ildə İrəvan şəhərində anadan olmuşdur. Mollanəsrəddinçi, şair, publisist özünə “Məhzun” təxəllüsü götürmüşdür. Yüksək erudisiyaya malik ziyalı, istedadlı qələm sahibi Əlli Məhzun hələ yeniyetmə çağlarından ədəbiyyata maraq göstərmişdir. Əsərləri “Molla Nəsrəddin”, “Məzəli”, “Babayi-Əmir” jurnallarında, “İqbal”, “Sədayi-həqq” qəzetlərində və s. mətbuat orqanlarında dərc edilmişdir. Əli Məhzun “Anaş qurbağa”, “Yetim cücə” imzaları ilə yazılarını dərc etdirirərək özünü qaragüruhçulardan qorumağa çalışırdı. 25 mart 1913-cü ildə Əli Məhzun Rəhimzadə və Əsgər Axundov İslam Dram Şirkəti adlı bir şirkətin fəaliyyəti üçün İrəvanın rəsmi dairələrindən icazə almışdılar. Öz ətrafında gənc aktyorları birləşdirən bu şirkətin aktyorları qısa müddət ərzində “Kimdir müqəssir?”, “Pul dalınca”, “Ac həriflər”, “Sevgili övlad”, “Millətpərəstlər, yaxud ürəfa qiyafəsində süfəha”, “İbrahim bəy, yaxud istibdad qurbanı”, “Aldandılar”, “Səfalətin sonu” əsərlərini tamaşaya qoymuşdular. Əli Məhzunun müdir və redaktorluğu və İrəvanın nüfuzlu ziyalılarından Həsən Mirzəzadə Əliyevin naşirliyi ilə 1917-ci il yanvarın 1-də “Bürhani-həqiqət” məcmuəsi işıq üzü görmüşdür. İstiqaməti ədəbi, siyasi, tarixi, elmi və fənni olan “Bürhani-həqiqət”in işıq üzü görməsi İrəvanın ictimai-siyasi həyatında, ədəbi mühitində mühüm hadisə olmuşdur. İrəvandakı “Luys” mətbəəsində ayda iki dəfə nəşr edilən məcmuənin cəmi 9 nömrəsi işıq üzü görmüşdür. Əli Məhzun İrəvan şəhərində yaşayan müxtəlif ixtisaslı ziyalıları, İrəvan Müəllimlər Seminariyasının tələbələrini xalqın maarifləndiriləsi məqsədilə məcmuə ilə əməkdaşlığa cəlb etmişdi. “Bürhani-həqiqət” öz oxucusunu cəhalət zülmündən xilas etməklə yanaşı, baş verən hadisələri həqiqətin dili ilə izah etmək, ayrı-ayrı partiyaların və qurumların əsl məqsədini kütlələrə izah etmək, qətl və qarətlərin, kütləvi qırğınların arxasında duran qüvvələri göstərmək, ermənilərin İrəvandakı maddi-mədəniyyət abidələrimizin tarixini saxtalaşdırmaq cəhdlərinin qarşısını almaq kimi bir missiyalar da daşıyırdı. Ermənilərin1918-1920-ci illərdə İrəvanda azərbaycanlılara qarşı törətdikləri qırğınlar zamanı Əli Məhzun şəhəri tərk edərək Azərbaycanda məskunlaşmış, müxtəlif mətbuat orqanlarında fəaliyyət göstərmişdir.
Əli Məhzun 1934-cü ildə vəfat etmişdir.

Əziz ƏliyevƏziz Əliyev: 1897-ci ildə İrəvanda anadan olmuşdur. İlk təhsilini İrəvanda Abdulla bəy Muğanlinskinin pansionatinda almışdır. O, İrəvan gimnaziyasını 1917-ci ildə qızıl medalla bitirdikdən sonra Peterburqda Hərbi-Tibb Akademiyasına daxil olmuşdur. 1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlarla bağlı o, ailəsini əvvəlcə Naxçıvanın Şahtaxtı kəndinə, oradan isə İrana aparmağa məcbur olmuşdur. 1921-ci ildə yenidən Şahtaxtiya qayıdaraq iki il orada həkim köməkçisi işləmişdir. 1923-cü ilin mayında Bakıya köçmüş və Xalq Komissarları Şurasında işləmişdir. Bununla yanaşı Tibb İnstitutunda təhsil almış və oranı 1927-ci ildə bitirmişdir. 1928-1930-cu illərdə Xalq Səhiyyə Komissarlığında müalicə şöbəsinin müdiri və Klinik İnstitutun direktoru vəzifəsində çalışmışdır. 1932-1934-cü illərdə Tibb İnstitutunun direktoru, sonra isə Bakı şəhər səhiyyə şöbəsinin rəisi işləmişdir. 1936-1937-ci illərdə Tibb İnstitutunun direktoru və ADU-nun rektoru vəzifələrində çalışmış, həmin ildə doktorluq işini müdafiə etmişdir. 1938-1939-cu illərdə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin katibi, 1939-1941-ci illərdə xalq səhiyyə komissarı, 1941-ci ilin martından 1942-ci ilin sentyabrınadək  Azərbaycan KP MK-nın katibi, 1948-ci ilin dekabrınadək isə Dağıstan Vilayət Partiya Komitəsinin birinci katibi vəzifələrində işləmişdir. 1949-1950-ci illərdə İctimai Elmlər Akademiyasında dinləyici, sonra isə ÜİK(b)P MK-nın inspektoru olmuşdur. 1950-1951-ci illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində işləmişdir. O zaman Azərbaycan KP MK-nın birinci katibi olan Mir Cəfər Bağırov Əziz Əliyevə qarşı qısqanclıq edərək onun vəzifədən uzaqlaşdırılmasına nail olmuşdur. Ə.Əliyev 1952-1956-cı illərdə Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru və Sabunçu rayon xəstəxanasında baş həkimin müavini, 1956-cı ildən ömrünün sonunadək Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun direktoru işləmişdir. Əziz Əliyev dəfələrlə SSRİ, RSFSR, Azərbaycan SSR və Dağıstan MSSR Ali Sovetlərinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. O, 1962-ci ilin iyul ayının 27-də vəfat etmiş Fəxri xiyabanda dəfn olunmuşdur. Azərbaycanda və Dağıstanda bir sıra küçələr onun adı ilə adlandırılmışdır. Qızı Zərifə Əliyeva Azərbaycan Respublikasının əməkdar elm xadimi, tibb elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü olmuşdur. Azərbaycan xalqının görkəmli oğlu Heydər Əliyevin həyat yoldaşı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin anası Zərifə xanım 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat etmişdir. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novo-Deviçye qəbiristanlığından Bakıya gətirilərək, Fəxri Xiyabanda, atasının qəbiri yanında dəfn olunmuşdur. Böyük oğlu Tamerlan Əliyev tibb elmləri doktoru, professor, respublikanın baş terapevti idi. Uzun müddət Tibb Universitetində daxili xəstəliklər kafedrasının müdiri, müdafiə şurasının sədri olmuşdur. Kiçik oğlu Cəmil Əliyev tibb elmləri doktoru, professordur. Azərbaycan Milli Elmlər Akademiyasının, Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, əməkdar elm xadimidir. Cəmil Əliyev Azərbaycan Respublikası Prezidentinin Tibb Xidmətinin rəisi, Milli Onkologiya Mərkəzinin baş direktorudur. Akademik Cəmil Əliyevin elmi əsərləri təkcə respublikamızda deyil, onun hüdudlarından kənarda da geniş yayılıb, müəllifinə nüfuz qazandırıb.

Heydər HüseynovHeydər Hüseynov: 1908-ci ildə İrəvanda doğulmuşdur. 1918-ci ildə ermənilərin İrəvanda törətdikləri qırğınlar zamanı onların ailəsi əvvəlcə Batum şəhərinə, sonra isə Stavropola köçmüş, nəhayət 1920-ci ildə Bakıya gəlmişdir. 1931-ci ildə Azərbaycan Dövlət Universitetini bitirdikdən sonra aspiranturaya daxil olmuşdur. 1935-ci ildə onun “Dialektik materializm” adlı ilk fəlsəfi əsəri dərc olunmuşdur. Alim-filosof, ədəbiyyatçı, ictimai xadim, Azərbaycan EA-nın akademiki, SSRİ Dövlət Mükafatı laureatı olmuşdur. Heydər Hüseynov 1936-1940-cı illərdə SSRİ EA-nın Ensiklopediya və Lüğətlər İnstitutu filialının direktoru, 1940-1945-ci illərdə SSRİ EA Azərbaycan filialının sədr müavini, eyni zamanda Azərbaycan KP(b) MK nəzdində Partiya Tarixi Institutunun direktoru olmuşdur. 1939-cu ildə M. F. Axundovun fəlsəfi görüşləri haqqında namizədlik dissertasiyası müdafiə etmişdir. Uzun illər ADU-da fəlsəfə kafedrasına rəhbərlik etmişdir. 1944-cü ildə fəlsəfə elmləri doktoru adına layiq görülmüş və bir il sonra Akademiyanın həqiqi üzvü seçilmişdir. 1945-ci ildən etibarən Azərbaycan SSR Elmər Akademiyasında rəhbər vəzifələrdə çalışmış, Akademiyanın vitse-prezidenti, ictimai elmlər şöbəsinin sədri olmuşdur. Heydər Hüseynov “M. F. Axundovun fəlsəfi görüşləri”, “Nizaminin ictimai görüşləri”, “Görkəmli Azərbaycan alimi A. Bakıxanov” monoqrafiyalarını və Füzuli, M. Kazımbəy, Zərdabi, Vazeh, S. Vurğun, C. Cabbarlı, Ə. Şıxlinski və onlarla dahi şəxsiyyətlərin həyat və yaradıcılığından bəhs edən əsərlər yazmışdır. H. Hüseynov 4 cildlik “Rusca-Azərbaycanca lüğət”in müəlliflərindən biridir. Bu lüğətin müəllifləri 1948-ci ildə Dövlət mükafatına layiq görülmüşdülər. Onun “Azərbaycanda XIX əsr ictimai və fəlsəfi fikir tarixindən”(1949) adlı sanballı monoqrafiyasında Azərbaycan xalqının ictimai-siyasi və fəlsəfi fikrinin inkişaf mərhələləri təhlil edilmişdir. Bu əsər 1950-ci ildə Stalin mükafatına layiq görülmüşdür. Lakin monoqrafiyanın müəllifi Mircəfər Bağırovun qəzəbınə tuş gəlir və təqib olunur. Beləliklə, XX əsrdə Azərbaycanın ən böyük aliminə qarşı iftiralar baş qaldırır. Heydər Hüseynov özünün həbs olunmağını gözləməyib, 1950-ci ildə böhtanlara dözməyərək, özünü intihar etmişdir.

Həsən SeyidovHəsən Seyidov: 1910-cu ildə İrəvanda tacir ailəsində anadan olmuşdur. 1918-ci ildə İrəvanda Körpübulağı məhəlləsindəki məktəbin birinci sinfinə daxil olmuş, elə həmin ildə ermənilərin İrəvanda törətdikləri qırğınlardan canını qurtaran Seyidovlar ailəsi Qarsa qaçmışdır. Atasının orada vəfatından sonra ailəsi Tiflisdə yaşayan dayılarının yanına gəlmişdir. H. Seyidov Tiflisdə Əncümən məktəbində oxumuşdur. 1925-ci ildə onun ailəsi Bakıya köçmüşdür. 1931-ci ildə Sənaye İnstitutunun kənd təsərrüfatı fakültəsini bitirmuşdir. Təhsilini davam etdirmək üçün H.Seyidov Moskvaya aspiranturaya göndərilir. 1934-cü ildə namizədlik dissertasiyası müdafiə edərək kənd təsərrüfatı üzrə ilk elmlər namizədi kimi Bakıya qayıdır. 1937-ci ildə Pambıqçılıq İnstitutunun direktoru,. 1941-ci ildə Kənd Təsərrüfatı İnstitutunun rəhbəri təyin edilir. 1943-cü ildə Azərbaycan KP MK-nın kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsində işləyir, bir il sonra MK-nın 3-cü katibi, 1946-cı ildə isə MK-nın 2-ci katibi seçilir. 1950-ci ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin birinci müavini təyin edilir. H. Seyidov 1952-ci ildə Bakı şəhər icraiyyə komitəsinin sədri, bir il sonra isə Dövlət Plan Komitəsinin sədri vəzifəsinə təyin edilir. 1960-1961-ci illərdə yenidən Pambıqçılıq İnstitutunun direktoru, sonra isə Plan Komitəsi sədrinin müavini olmuşdur. 1970-ci ilədək Dövlət Tərəvəzçilik və Meyvəçilik Komitəsinin sədri vəzifəsində işləmişdir. H.Seyidov təqaüdə çıxdıqdan sonra 1972-ci ildə doktorluq dissertasiyası müdafiə etmiş, Yer Quruluşu Layihə İnstitutunda şöbə müdiri vəzifəsində işləmişdir.

Hüseyn SeyidzadəHüseyn Seyidzadə: 1912-ci ildə İrəvanda anadan olmuşdur. Həsən Seyidovun kiçik qardaşıdır. 1927-ci ildə Bakıda tikiş fabrikində əmək fəaliyyətinə başlamış, sonra fəhlə teatrına daxil olmuş, aktyor köməkçisi kimi fəaliyyət göstərmişdir. Bir ildən sonra o, Gənc işçi teatrının aktyoru olmuşdur. 1930-cu ildə Leninqrqadda rejissorluq kursunu bitirmiş və Bakıya qayıtmışdır. 1936-cı ildə Moskvada Ümumittifaq Kinematoqrafiya İnstitutunun kinorejissorluq fakültəsini bitirdikdən sonra “Azərbaycanfilm” kinostudiyasında işləmişdir. 1938-ci ildə “Bakılılar”, “Böyük şəfəq”, 1939-cu ildə “Ayna” filmlərinin çəkilişində rejissorluq etmişdir. Sonra o, “Lenfilm” studiyasında öz peşəsini təkmilləşdirmişdir. 1943-cü ildə rejissor Niyazi Bədəlovla birgə müharibəyə sovqat göndərən insanların vətənpərvərlik duyğularından söhbət açan “Sovqat” filmini çəkmişdir. 1956-cı ildə Bakının kinoteatrlarında ekrana Hüseyn Seyidzadənin “O olmasın, bu olsun” filmi çıxarıldı. Azərbaycanda elə bir kino əsəri yoxdur ki, “O olmasın, bu olsun” qədər məşhur aktyor ansamblı toplaya bilsin. Dünyanı dolaşan bu film Hüseyn Seyidzadə yaradıcılığının şah əsərlərindəndir. Hüseyn Seyidzadə 1969-cu ildə İsmayıl Şıxlının eyniadlı romanı əsasında yazdığı “Dəli Kür” ssenarisini ekranlaşdırıldı. “Yenilməz batalyon” (1965), “Koroğlu” (1960), “Var olun qızlar” (1972), “Qayınana” (1978) bədii filmləri H.Seyidzadənin ən yaxşı rejissor işlərindəndir. Hüseyn Seyidzadə mübariz sənətkar idi. O, sözünü açıq deməyi xoşlayırdı. O, 1970-ci ildə Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi adına layiq görülmüşdür. Son vaxtlar Natəvan haqqında film çəkmək istəyirdi. Ancaq amansız ölüm buna imkan vermədi. Hüseyn Seyidzadə 1979-cu il iyunun 2-də vəfat etmişdir.

Kamil ƏliyevKamil Əliyev: 1921-ci- ildə İrəvan şəhərində anadan olmuşdur. Dəfələrlə talelərinə qaçqınlıq faciəsi yazılan Əliyevlər ailəsi 30-cu illərdə Bakıya köçmüşdür. K.Əliyev Ə.Əzimzadə adına Rəssamlıq Texnikumunu bitirdikdən sonra “Azərxalça”. İstehsalat Birliyində rəssam işləmişdir. İkinci Dünya müharibəsinin iştirakçısı Kamil Əliyev 1946-cı ildə ordudan qayıtdıqdan sonra Xalça İsehsalat Yaradıcılıq Kombinatında rəssam işləmiş, bir müddət Respublika Bədii Fonduna rəhbərlik etmiş, sonralar Bakı zərgərlik fabrikində direktor vəzifəsində çalışmışdır. 1950-ci illərdən etibarən Kamil Əliyevin yaradıcılığında süjetli xalıların və portret-xalçaların yaradılması aparıcı mövqe tutmuşdur. Bu illərdə sənətkar bir-birinin ardınca yüksək professionallıqla Azərbaycan klassiklərindən Füzulinin. Nizaminin, Nəsiminin, Mirzə Fətəli Axundovun, görkəmli dövlət xadimləri İndira Qandinin, Atatürkün, Heydər Əliyevin, Süleyman Dəmirəlin, Bill Klintonun, Vladimir Putinin portretlərini yaratmışdır. Kamil Əliyev Azərbaycan xalçaçılığını yeni-yeni nəbati, həndəsi ornamentlərlə, yeni-yeni rəng qammaları ilə daha da zənginləşdirmişdir. Rəssamın əsərləri Paris, London, Tokio, Dehli, Ankara, İstanbul, Tehran, Moskva, Kiyev və başqa şəhərlərin nüfuzlu muzey və qalereyalarında nümayiş etdirilərək, tamaşaçıların hüsn-rəğbətini qazanmışdır. “Azərxalça” Birliyinin baş direktoru Kamil Əliyevin böyük və zəngin yaradıcı əməyi layiqincə qiymətləndirilmişdir. O, Azərbaycan Respublikasının Xalq rəssamı adına, ölkənin ən yüksək mükafatı olan “İstiqlal” ordeninə layiq görülmüşdür. Xalq dekorativ-tətbiqi sənəti sahəsində gördüyü səmərəli elmi işlərə görə ona professor elmi adı verilmişdir. Kamil Əliyev sağlığında muzeyi açılan ilk xalça ustası sayılır. Professor Kamil Əliyev 2005-ci ildə Bakıda vəfat etmişdir.

Maqsud MəmmədovMaqsud Məmmədov: 1897-ci ilin dekabrında İrəvan şəhərində anadan olmuşdur. İrəvanın məşhur ziyalılarından olan Abbas Məhəmmədzadənin qardaşı oğludur. İrəvan kişi gimnaziyasını bitirmişdir. Azərbaycan Politexnik İnstitutunda, Yakov Sverdlov adına Kommunist Universitetində təhsil almışdır. Əmək fəaliyyətinə 1915-ci ildə İrəvan şəhərində müəllim kimi başlamışdır. 1920-1923-cü illərdə Bakı Şəhər Xalq Ərzaq Komissarlığı İdarəsinin rəisi vəzifəsində çalışmışdır. 1925-1927-ci illərdə Naxçıvan Muxtar Respublikası Fövqəladə Xalq Maliyyə Komissarlığında işləmiş, 1929-1930-cu illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universitetinin) rektoru olmuşdur. 1930-1931-ci illərdə Azərbaycan xalq maarifi komissarı vəzifəsində çalışmışdır. Maqsud Məmmədov Azərbaycan xalqının təhsil və mədəni səviyyəsinin yüksəlməsi üçün böyük enerji sərf etmişdir. 1931-ci ildə Azərbaycan K(b)P MK-nın katibi təyin edilən Maqsud Məmmədov 1933-cü ilə kimi bu vəzifədə çalışmışdır. 1933-1934-cü illərdə Azərbaycan Partiya Tarixi İnstitutunun direktoru olmuşdur. Partiya işində zəngin təcrübəsini nəzərə alaraq onu yenidən Mərkəzi Komitədə işləməyə dəvət etmişlər. 1936-1937-ci illərdə Azərbaycan K(b)P MK-nın şöbə müdiri işləmişdir. 1937-ci il iyulun 29-dan sentyabrın 19-na qədər “Azərnəşr”in direktorunun səlahiyyətlərini icra etmişdir. Maqsud Məmmədov Azərbaycan K(b)P MK-nın büro üzvü seçilmiş, 1933-cü ildə Azərbaycan Dövlət Nəşriyyatında ilk dəfə Azərbaycan dilində nəşr olunan V.İ.Leninin “Seçilmiş əsərləri”nin redaktor və tərcüməçilər qrupunun tərkibində təmsil olunmuşdu. 1920-ci ilin sentyabrından Azərbaycan Kommunist Partiyasının üzvü olan Maqsud Məmmədov, 1925-1927-ci illərdə Naxçıvan Mərkəzi İcraiyyə Komitəsinin, 1930-1934-cü illərdə Azərbaycan K(b)P Bakı Komitəsinin, 1931-ci ildən Azərbaycan K(b)P MK-nın, 1931-1933-cü illərdə Ümumittifaq K(b)P Zaqafqaziya Diyar Komitəsinin üzvü seçilmişdi. Repressiya qurbanlarından olan Maqsud Məmmədov 1937-ci ilin sentyabrında Xalq Daxili İşlər Komissarlığı tərəfindən həbs olunmuş və güllələnmişdir. Ona 1957-ci ildə bəraət verilmişdir.

Məhəmməd AğaoğluMəhəmməd Ağaoğlu: 1896-cı ildə İrəvanda doğulmuşdur. 1916-cı ildə Moskva Dövlət Universitetini, 1926-cı ildə Vyana Universitetinin şərqşünaslıq fakültəsini bitirmişdir. Azərbaycan, ərəb, fars, rus, ingilis, alman, fransız, yunan dillərini bilmişdir. MDU-nu bitirdikdən sonra Məhəmməd Ağaoğlu şərq mədəniyyəti və islam incəsənətini öyrənmək üçün Türkiyə, İran, Suriya və Orta Asiyaya səfərə çıxmışdır. 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasında fəal iştirak etmişdir. Bakıda “İstiqbal” muzeyi yaratmış, arxeologiya və etnoqrafiya cəmiyyətlərinin təşkilində iştirak etmişdir. Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra Türkiyə, Avstriyaya, 1929-cu ildə ABŞ-a köçərək ömrünün sonunadək orada yaşamışdır. Elə o ildə Detroyt Universitetində islam mədəniyyəti şöbəsini, sonra islam incəsənəti qalereyasını yaradır. 1933-1938-ci illərdə M. Ağaoğlu bu universitetdə Şərq xalqları mədəniyyəti kafedrasının professoru, 1934-cü ildə “Art İslamica” (“İslam incəsənəti”) jurnalını təsis edərək ömrünün sonunadək onun redaktoru olmuşdur. M. Ağaoğlu 50-dən artıq elmi əsərin, habelə “İslam incəsənəti tarixi” (İstanbul, 1928), “XV əsrdə İranda kitab çapı” (Miçiqan, 1935), “Səfəvilər dövrünün manufaktura və xalçaları” (Nyu-York, 1941) monoqrafiyalarının müəllifidir. Məhəmməd Ağaoğlu 1949-cu ildə ABŞ-ın Kolumbiya ştatında vəfat etmiş, orada dəfn olunmuşdur.

Məmmədəli NasirMəmmədəli Nasir: 1899-cu ildə İrəvan şəhərində anadan olmuşdur. Məmmədəlinin atası Hacı Məmməd kişi dini təhsil almış, ərəb, fars dillərini öyrənmişdi. Məmmədəli 1908-1914-cü illərdə İrəvan gimnaziyasında təhsil almış, fars dilini mükəmməl öyrənmişdi. Nasir təxəllüsü ilə 1912-ci ildə mətbuata gəlmiş gənc Məmmədəli yazılarını Bakıda nəşr olunan “Sədayi-həqq”, “İqbal” qəzetlərində dərc etdirirdi. 1914-cü ildə İrəvanda Azərbaycan dilində “Lək-lək” satirik jurnalı nəşrə başlayanda o, həmin jurnalda “Şeytan”, “Dul toyuq” imzası ilə şeirlər və məqalələrlə çıxış etmuişdir. Məmmədəli Nasir 1917-ci ilin sonu, 1918-ci ilin əvvəllərində məsləkdaşları M.Mirfətullayev, T.Rzayevlə birgə İrəvanda “Cavanlar şurası” adlı siyasi, ictimai, ədəbi bir qəzet açmağa müvəffəq olmuşdur. Bu qəzet daşnakların çirkin əməllərini pisləyir, xalqı ayıq və səfərbər olmağa səsləyirdi. Bu səbəbdən də qəzetin nəşrinə imkan verilməmiş, 3-4 sayından sonra bağlanmışdı. Bundan sonra o, “Açıq söz” qəzetində çıxışlarını davam etdirmişdir. M.Nasir Hüseynağa Şahtaxtlının rəhbərliyi ilə İrəvanda qurulan “Müdafeyi-məzluman” təşkilatının fəallarından olmuşdur. M.Nasir daşnakların təqibindən yaxa qurtararaq 1918-ci ildə Gəncəyə gəlmiş, 1920-ci ildə onun redaktorluğu ilə “Qırmızı Gəncə” qəzeti nəşr olunmuşdur. Onun yazdığı “Bədbəxt ailə” pyesi 1919-cu ildə Gəncədə tamaşaya qoyulmuşdur. 1917-ci ildən Kommunist Partiyasının üzvü olan Məmmədəli Nasir 1921-ci ildə Ermənistana rəhbər işə dəvət edilmiş, 1922-ci ilin yanvarınadək Ermənistan KP MK-nın təbliğat-təşviqat şöbəsinin nəzdində Türk seksiyasının müdiri vəzifəsində işləmiş, sonra isə “Rəncbər” qəzetində çalışmşdır. 1922-1923-cü illərdə Qafqaz Bürosu M.Nasiri Gürcüstanın Azqur, Borçalı və Qarayazı rayonlarında partiya komitəsinin katibi vəzifəsinə işə təyin etmişdir. 1926-cı ildə Qafqaz Bürosunun təyinatı ilə Zaqatalada Siyasi maarif şöbəsinin müdiri işləyən M.Nasiri bir il sonra Bakıda “Kommunist” qəzetinə işə dəvət edilmişdir. O, burada bir neçə il təlimatçı, Qəzalarla iş şöbəsinin müdiri vəzifəsində çalışmışdır. M.Nasir 1931-1934-cü illərdə Dəvəçidə (“Yüksəliş”), Laçında (“Şura Kürdüstanı”), Ağdamda (“Ağdam kolxozçusu”), Bərdədə (“Qızıl Bərdə”), Əli Bayramlıda (indiki Şirvan şəhəri – “Pambıq zərbəçisi”), Qasım İsmayılovda (indiki Goranboy – “Qasım İsmayılov kolxozçusu”) rayon qəzetlərinin məsul redaktoru kimi fəaliyyət göstərmişdir. 1935-ci ildə “Yeni yol”da məktublar şöbəsinin müdiri işləmişdir. 1936-cı il iyulun 18-də repressiyaya məruz qoyularaq həbs olunmuş, 10 illik sürgün həyatına məhkum edilmişdir. 1956-cı ildə bəraət almış, həmin ildən vaxtilə işlədiyi “Kommunist” qəzetində təşkilatçı müxbir kimi fəaliyyətini davam etdirmişdir. Eyni zamanda “Ədəbiyyat və incəsənət”, “Kommunist”, “Bakı” qəzetlərində, “Azərbaycan”, “Kirpi” kimi jurnallarda çıxışlar etmişdir Məmmədəli Nasir 1982-ci il aprel ayının 14-də 83 yaşında vəfat etmiş, Bakının şəhər qəbiristanlığında dəfn olunmuşdur.

Mirabbas MirbağırovMirabbas Mirbağırov: 1880-1885-ci illər arasında İrəvan şəhərində doğulmuşdur. İrəvan gimnaziyasını bitirmişdir. Mirabbas Mirbağırov gənc yaşlarından qardaşı Mirabdulla ilə birlikdə kitab ticarəti ilə məşğul olmuşdur. Qardaşlar İrəvanda “Umud” kitab mağazası açmışdılar. Onlar 1909-cu ildə Bakıya gəlmiş və 1914-cü ildə burada yeni kitab mağazası açmışdılar. Mirabbas Mirbağırovun ilk yazısı 19 iyun 1905-ci ildə “Həyat” qəzetində dərc olunmuşdur. Onun 1905-1929-cu illər arasında 200-ə yaxın publisist məqaləsi, xəbəri, bədii tərcüməsi işıq üzü görmüşdür. İlk vaxtlar “Həyat” və “İrşad” qəzetləri ilə sıx əlaqələr quran Mirbağırov sonralar “Təzə Həyat”, “Tərəqqi”, “Yeni İrşad”, “İqbal”, “Sədayi-həqq” qəzetləri ilə də yaxından əməkdaşlıq etmişdir. Ən çox işlətdiyi gizli imzası “Nadi”dir. Jurnalistlik fəaliyyətini sonrakı illərdə də davam etdirərək, Azərbaycan Cümhuriyyəti dönəmində “Azərbaycan”, sovet hakimiyyəti dövründə “Kommunist”, “Yeni yol” qəzetlərində, “Xalq maarifi”, “Füqəra füyuzatı”, “Maarif və mədəniyyət”, “Azərbaycan Ali İqtisad Şurasının əxbarı”, “Xalq müəllimi”, “Qızıl qələm”, “Əkinçi”, “Maarif işçisi”, “İqtisadi xəbərlər” jurnallarında məqalələri dərc edilmişdir. Mirabbas Mirbağırov da İrəvanda teatrın özülünü qoyanlardan biridir. Mirabbas Mirbağırovun 1913-1914-cü illərdə 6-sı orijinal, 1-i tərcümə olmaqla 7 kitabı nəşr edilmişdir. O, “Osmanlı tarixinin mühüm səhifələri” (Bakı, 1913), “Osmanlı hökumətinin qüdrətli günləri” (1913), “Tarix səhifələri. I. İslam pulları. II. Misir ölkəsi və tarixi” (1914), “Cənab Yusif və macərayi-məşhuru” (1914), “Osmanlı marşları, Vətən və millət nəğmələri” (1914) və başqa kitabların müəllifidir. Azərbaycan Xalq Cümhuriyyəti dövründə İrəvan quberniyası Həmyerlilər Cəmiyyətinin qərarına əsasən və Azərbaycan hökumətinin tapşırığı ilə 1919-cu ilin yanvarında yerli əhalinin problemlərini öyrənmək üçün M.Mirbağırovun rəhbərliyi ilə Naxçıvana nümayəndə heyəti göndərilmişdir. Əhali Azərbaycan Xalq Cümhuriyyətinin elçilərini böyük ruh yüksəkliyi ilə qarşılamışdı. 1919-cu il fevralın 22-də M.Mirbağırovun başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda ingilis general-qubernatoru ilə görüşərək, Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin Naxçıvanla bağlı mövqeyini onun diqqətinə çatdırmışlar. Naxçıvanda hakimiyyətin sonrakı taleyi ilə bağlı Cəfərqulu xanın iqamətgahında keçirilən görüşdə Azərbaycan Xalq Cümhuriyyətinin nümayəndə heyəti ilə yanaşı, ingilis general-qubernatoru da iştirak eetmişdir. Azərbaycan hökumətinin nümayəndələri Cəfərqulu xanın başçılıq etdiyi hökuməti tanıdıqlarını bildirmişlər. Naxçıvanın könüllü olaraq Azərbaycan Xalq Cümhuriyyətinə birləşməsi haqqında tərtib olunan Aktın mətninin hazırlanmasında iştirak etmişdi. Siyasi, hərbi, iqtisadi, maddi və mədəni məsələlərə aid bəndlərdən ibarət akt hökumət və Milli Şura üzvləri, əhalinin nümayəndələri tərəfindən imzalanaraq, hökumət möhürü ilə təsdiq edilmişdi. Nümayəndə heyətinin Naxçıvanda gördüyü işlər Azərbaycan tarixinə “Mirbağırov missiyası” kimi daxil olmuşdur. M. Mirbağırov sovet hakimiyyətinin ilk illərində ASSR Xalq Ərzaq Komissarlığı sistemində, 1923-cü ildən “Kommunist”, 1924-cü ildən “Yeni yol” qəzetlərində, 1925-ci ildən 1929-cu ilədək “Maarif işçisi” jurnalında çalışmşdır. Onun əsərləri indi də öz elmi dəyərini saxlayır. Bu əsərlər onun iqtisadçı, etnoqraf, coğrafiyaçı, sənətşünas, ədəbiyyatşünas, dilçi, pedaqoq, tarixçi kimi ensiklopedik biliyə malik olduğunu göstərir. 1930-cu ilin əvvəlində özünün və qardaşlarının ailəsi ilə birlikdə Türkiyəyə köçdüyü güman edilir.

Mirəli SeyidovMirəli Seyidov: 1918-ci ildə İrəvanda anadan olmuş, ibtidai təhsilini burada almışdır. 1938-ci ildə Bakıda hidromeliorasiya texnikumunu bitirmişdir. 1938-1944-cü illərdə İrəvan Pedaqoji İnstitutunun azərbaycanlı bölməsində təhsil almışdır. Eyni zamanda, 1941-1945-ci illərdə İrəvan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində oxumuşdur. Həmin illərdə “Sovet Ermənistanı” qəzeti redaksiyasında korrektor, ədəbi işçi, şöbə müdiri, məsul katibin müavini vəzifələrində işləmişdir. 1945-1953-cü illərdə AMEA-nın Nizami adına Ədəbiyyat Muzeyinin orta əsrlər Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, 1953-1960-cı illərdə Nizami adına Dil və Ədəbiyyat İnstitutunda orta əsrlər şöbəsində baş elmi işçi, 1960-1967-ci illərdə ədəbi əlaqələr şöbəsində baş elmi işçi, 1967-1980-ci illərdə şöbə müdiri, 1980-1988-ci illərdə Azərbaycan mifologiyası və orta əsrlər folkloru şöbəsinin müdiri işləmişdir. 1953-cü ildə “Sayat Novanın həyat və yaradıcılığı” mövzusunda namizədlik, 1969-cu ildə isə “Azərbaycan-erməni ədəbi əlaqələri (ən qədim dövrdən XVIII əsrin sonunadək)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmişdir. Mirəli Seyidovun 1954-cü ildə “Sayat Nova”, 1963-cü ildə “Qövsi Təbrizi”, “Qafqaz xalqlarının nəğməkarı”, 1969-cu ildə “Azərbaycan-erməni ədəbi əlaqələri” (rusca), 1976-cı ildə “Azərbaycan-erməni ədəbi əlaqələri – orta əsrlər” kitabları çap olunub. Müəllifin “Azərbaycan mifik təfəkkürünün qaynaqları” (1983), Qızıl döyüşçünün taleyi” (1984), “Azərbaycan xalqının soykökünü düşünərkən” (1989), “Yaz bayramı” (1990), “Qam-şaman və onun qaynaqlarına ümumi baxış” (1994), “Böri-qurt” (2006) kitabları işıq üzü görmüşdür. Mirəli Seyidov Əməkdar elm xadimi adına layiq görülmüşdür.1992-ci il aprelin 26-da Bakıda vəfat etmiş, ikinci Fəxri xiyabanda dəfn olunmuşdur. 

MMiryusif Mirbabayeviryusif Mirbabayev: 1889-cu ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan ziyalılarınnın tanınmış nümayəndələrindən olan Mirabbas Mirbabayev İrəva şəhər Dumasının üzvü olmuşdur.
Miryusif Mirbabayev ilk təhsilini İrəvan rus-tatar məktəbində və gimnaziyasında almışdır. O, 1916-cı ildə Moskva Universitetinin hüquq fakültəsini bitirmişdir. Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra M. Mirbabayev Azərbaycanın İrəvandakı diplomatik nümayəndəliyində öncə katib əvəzi, sonra katib işləmişdir. Miryusif Mirbabayev 1918-1920-ci illərdə İrəvan Müsəlman Milli şurasının üzvü kimi, ermənilərin İrəvan quberniyasında törətdikləri qırğınların qarşısının alınması üçün həm Azərbaycanın, həm Ermənistanın xarici işlər nazirliklərinə, həm də Cənubi Qafqazdakı müttəfiq qoşunların komandanlığına müraciətlər etmişdir. Ermənistanda sovet hakimiyyəti qurulduqdan sonra Miryusif Mirbabayev Ermənistan İnqilab Komitəsinin Hərbi Tribunalında, Xalq Maliyyə Komissarlığında məsul vəzifələrdə çalışmış, İrəvan pedaqoji texnikumunda tədris hissə müdiri, fəhlə fakültəsinin rəhbəri vəzifələrndə işləmişdir. Miryusif Mirbabayev Ermənistan EA Tarix İnstitutunda və Ölkəşünaslıq muzeyində elmi işçi olmaqla yanaşı, Xalq Maarif Komissarlığı nəzdindəki Milli Azlıqlar şurasının, Yeni Türk Əlifbası Komitəsinin üzvü kimi də ictimai işlərdə yaxından iştirak etmişdir. 1933-cü ildə Bakıya köçən poliqlot Miryusif Mirbabayev özünü dilçilik sahəsində sınamışdır. O, bir müddət SSRİ Elmlər Akademiyasının Azərbaycan Filialında elmi işçi olmuşdur. 1938-1941-ci illərdə Filialın Lüğətlər İnstitutunda elmi katib vəzifəsində işləmişdir. Lüğətlər İnstitutu Dil İnstitutu ilə birləşdirildikdən sonra Miryusif Mirbabayev yeni institutun Lüğət və terminologiya şöbəsinin müdiri təyin olunmuşdur. 1944-cü ildə “Azərbaycan dilinin erməni dilinə təsiri” mövzusunda dissertasiya müdafiə edərək filologiya elmləri namizədi elmi adını almışdır. 1945-ci ildə Azərbaycan SSR Elmlər Akademiyası Dil İnstitutunun ilk direktoru seçilmişdir. Akademik Heydər Hüseynovun rəhbərliyi altında hazırlanmış (1940-1946) 4 cildlik «Rusca-azərbaycanca lüğət»ə görə 1948-də Stalin mükafatına layiq görülən alimlərdən biri də Miryusif Mirbabayev olmuşdur. O, bir çox başqa sanballı lüğətlərin də əsas tərtibçilərindən olmuşdur. Miryusif Mirbabayev 1951-ci ildə Bakıda vəfat etmişdir.

Mustafa TopçubaşovMustafa Topçubaşov: Topçubaşovlar nəsli Azərbaycan tarixinə Sankt-Peterburq Universitetinin ilk azərbaycanlı professoru Mirzə Cəfər Topçubaşov (1784-1869) və Azərbaycan Xalq Cümhuriyyəti ilk parlamentinin sədri Əlimərdan bəy Topçubaşov (1862-1934) kimi görkəmli şəxsiyyətlər bəxş etmişdir. Bu nəslin daha bir parlaq nümayəndəsi Mustafa Ağabəy oğlu Topçubaşov 1895-ci ildə İrəvanda doğulmuşdur. Cərrah, ictimai xadim, tibb elmləri doktoru, professor, əməkdar elm xadimi, Azərbaycan EA-nın və SSRİ Tibb EA-nın həqiqi üzvü, Bolqarıstan EA-nın müxbir üzvü, Sosialist Əməyi Qəhrəmanı, SSRİ Dövlət mükafatı laureatı olmuşdur. Orta təhsilini İrəvan gimnaziyasında almış, sonra 1919-cu ildə Kiyev Dövlət Universitetinin tibb fakültəsini bitirmişdir. M.A.Topçubaşov 1920-30-cu illərdə Azərbaycan Dövlət Tibb Universitetində cərrahiyyə klinikasında ordinator və assistent olmuşdur. 1930-1975-ci illərdə Azərbaycan Dövlət Tibb Universitetinin cərrahiyyə kafedrasının müdiri, eyni zamanda 1945-1948-ci illərdə EA-nın Eksperimental Təbabət İnstitutuna rəhbərlik etmişdir. M. Topçubaşov 7 monoqrafiya, 5 cilddə “Xüsusi cərrahlıq” dərsliklərinin, ümumilikdə 160 elmi işin müəllifidir. Onun redaktəsi ilə kombinasiyalı ağrısızlaşdırma ilə bağlı üç elmi iş toplusu çap olunmuşdur. Əsas elmi tədqiqatları “Ürək-damar xəstəlikləri və onların profilaktikası”, “Xüsusi cərrahlıq”, “Yad cisimləri çıxaran aparat və onun tətbiqi”, “Normal hipertenziya və onun cərrahi müalicəsi”, “Uzunmüddətli analgeziyanın tibbdə tətbiqi” əsərləridir. M. Topçubaşov Ümumittifaq Cərrahlar Cəmiyyətinin, Azərbaycan Cərrahlar və Uroloqlar Cəmiyyətinin fəxri sədri olmuşdur. Dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmiş, 1955-1959-cu illərdə Ali Sovetin sədri olmuşdur. Bir sıra orden və medallarla təltif olunmuşdur. Mustafa bəy Topçubaşov 1981-ci ildə Bakıda vəfat etmişdir. Azərbaycan EA-nın Elmi-Tədqiqat Eksperimental Klinik Təbabət İnstitutuna və küçələrdən birinə onun adı verilmişdir. Onun oğlu İbrahim Topçubaşov tibb elmləri doktoru, məşhur cərrah olmaqla bərabər , həm də bəstəkar olmuşdur.

Nəriman NərimanbəyovNəriman Nərimanbəyov: İrəvanda maarif fədaisi kimi ad qazanan Haşım bəyin ailəsində 1889-cu ildə anadan olmuşdur. Haşım bəy İrəvanda azərbaycanlılar üçün ana dilində məktəblərin yaranmasında və xeyriyyə cəmiyyətinin təşkilində fəal iştirak etmişdir. Haşım bəyin Azərbaycan məktəbləri üçün başqa müəllimlərlə birlikdə tərtib etdiyi “Ana dili” kitabı hələ 1907-ci ildə İrəvanda, sonralar isə üç dəfə Tiflisdə çapdan çıxmışdır. Onun mətbuatda xeyli məqaləsi, teatr tamaşaları haqqında resenziyaları çap olunmuşdur. Nəriman bəy orta təhsilini İrəvan gimnaziyasında başa vuraraq əvvəlcə Moskva Universitetinin fizika-riyaziyyat fakültəsində, sonra isə Xarkov universitetinin hüquq fakültəsində təhsil almışdır. N.Nərimanbəyov burada Azərbaycan Tələbə Həmyerlilər Təşkilatının rəhbərliyinə seçilmiş və inqilabi fəaliyyətini davam etdirmişdir. Ali təhsilini 1915-ci ildə başa vurub İrəvana qayıdan Nəriman bəy Nərimanbəyov vəkil işləməklə yanaşı, İrəvan Müsəlman Xeyriyyə Cəmiyyətinin rəhbərlərindən biri olmuşdur. 1917-ci ildə Rusiyada fevral inqilabından sonra Bakıya köçən N. Nərimanbəyov Müsavat partiyasının sıralarına daxil olmuşdur. O, həmin ilin aprelində Bakıda çağırılan Qafqaz Müsəlmanlarının qurultayında, oktyabrında isə Türk Ədəmi-Mərkəziyyət Müsavat Partiyasının birinci qurultayında fəal iştirak etmişdir. 1918-ci ilin fevralında Nəriman bəy Nərimanbəyov Zaqafqaziya Seyminin üzvü seçilmişdir. O, həmin il fevralın 28-də Seym tərəfindən təsdiq olunmuş Müsəlman fraksiyasının tərkibindəki Müsavat və bitərəflər qrupunun üzvü, 1918-ci il mayın 28-də isə qəbul edilən Azərbaycanın İstiqlal bəyannaməsini imzalayanlardan biri olmuşdur. N.Nərimanbəyov həmin il dekabrın 7-də Bakıda təntənəli surətdə açılmış Azərbaycan parlamentinə üzv seçilmiş, parlamentdə Müsavat fraksiyasının tərkibinə daxil olmuşdur. Nəriman bəy Nərimanbəyov Azərbaycan Respublikası Nazirlər Şurasının sədri Nəsib bəy Yusifbəyovun təşkil etdiyi kabinədə (14.IV.1919) dövlət nəzarətçisi vəzifəsini icra etmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Nəriman bəy Nərimanbəyov müxtəlif idarələrdə hüquq məsləhətçisi və vəkil işləmişdir. Öz dövrünün tanınmış siyasi və ictimai xadimi olan Nəriman bəy Nərimanbəyov 1937-ci ildə Stalin repressiyasının qurbanı olmuşdur.

Rəşid bəy İsmayılovRəşid bəy İsmayılov: 1877-ci ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvan Müəllimlər Seminariyasını bitirmişdir. O, 1903-cü ildə “Şərqi-rus” qəzetində fəaliyyətə başlamışdır. Bununla yanaşı, Qafqazda və Rusiyada çap olunan rusdilli mətbuatda (“Sankt-Peterburqskiye vedomosti” və s.) məqalələr dərc etdirmişdir. Rəşid bəy İsmayılov bir il “Tiflisskiy listok” qəzetində çalışmışdır. Dövrün görkəmli şəxsiyyətləri Cəlil Məmmədquluzadə, Məhəmməd ağa Şahtaxtinski, Əhməd bəy Ağayev (Ağaoğlu), Əlimərdan bəy Topçubaşov və başqaları ilə sıx əlaqələri olmuş, onlarla birlikdə fəaliyyət göstərmişdir. “Şərqi-rus” qəzetinin nəşri dayandırıldıqdan sonra “Novoye obozreniye” qəzetinin müsəlman həyatı və Yaxın Şərq şöbələrinə rəhbərlik etmişdir. Rəşid bəy İsmayılov “Təzə zaman” adlı qəzet nəşr etdirmək üçün Qafqaz canişininə ərizə ilə müraciət etsə də, onun panislamist olmasını bəhanə gərirərək qəzetin nəşrinə icazə verilməmişdi. Onun “Müxtəsər Qafqaz tarixi və Zaqafqasiyada zühur edən məşhur türk ədib və şairlərinin müxtəsərən tərcümeyi-halları” kitabı 1904-cü ildə Tiflisdə “Şərqi-rus” mətbəəsində Azərbaycan türkcəsində çap olunmuşdur. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapmışdır. Rəşid bəy İsmayılov Zurab Antonovun “Koroğlu” pyesini gürcü dilindən azərbaycancaya çevirmiş və həmin əsər Tiflis teatrında  tamaşaya qoyulmuşdu. Rəşid bəy İsmayılov Azərbaycan Xalq Cümhuriyyəti dövründə Nazirlər Şurasında məsul vəzifədə çalışmışdır. 1919-cu il yanvarın 15-də Bakıda İrəvan quberniyasında yaşayan azərbaycanlıların fövqəladə iclası keçirilmiş və İrəvan quberniyası müsəlmanlarının Həmyerlilər Cəmiyyəti təsis edilmişdir. Rəşid bəy İsmayılov bu cəmiyyətin məsul katibi kimi səmərəli fəaliyyət göstərmişdir. Rəşid bəy İsmayılov Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra Bakıdakı 18 nömrəli məktəbdə tarix müəllimi işləmişdir. Azərbaycan tarixinin elmi mənbələr əsasında araşdırılması sahəsində A.A.Bakıxanovdan sonra ikinci təşəbbüsü Rəşid bəy İsmayılov göstərmişdir. Onun Azərbaycanın tarixinin qədim dövrlərdən başlayaraq 1920-ci ilin aprelində sovet hakimiyyətinin qurulmasınadək olan dövrünü işıqlandıran “Azərbaycan tarixi” adlı kitabı 1923 ildə Bakıda çap olunmuşdur. Əsərdə “Mavərayi-Qafqazın elani-istiqlalı” bölməsi Azərbaycan Xalq Cümhuriyyətinin qurulması ərəfəsindəki vəziyyətə, “Azərbaycan Cümhuriyyəti” bölməsi isə bilavasitə onun qurulmasına və fəaliyyətinə həsr edilmişdir. Bu kitabda Qafqazın, o cümlədən Azərbaycanın XIX əsr tarixinin bəzi məsələləri öz əksini tapmışdır. Rəşid bəy İsmayılov1941-ci ildə Bakıda vəfat etmişdir. Rəşid bəy İsmayılovun “Azərbaycan tarixi” əsəri 1993-cü ildə “Azərnəşr” tərəfindən kiril əlifbası ilə yenidən çap edilmişdir. Rəşid bəyin böyük qardaşı Kərim bəy İsmayılov 1892-ci ildə Qori Müəllimlər Seminariyasını bitirmiş, “Molla Nəsrəddin” jurnalının əməkdaşı olmuşdu.

Sabir RzayevSabir Rzayev: İrəvanda anadan olmuşdur. İncəsənət sahəsində görkəmli ziyalılarımızdan biri olan sənətşünaslıq elmləri doktoru S.Rzayev 1963- cü ildə “Ermənistanda Azərbyacan teatrı”, 1972-ci ildə “Zaqafqaziya xalqları incəsənətinin qarşılıqlı əlaqələri” əsərləri (rus dilində), 1980- ci ildə Əkbər İrəvanlı ilə birlikdə “Yunis Nuri” adlı kitabları nəşr edilmişdir. Nadir istedad sahibi olan S.Rzayev İrəvanda vəfat etmişdir.

 

Səid RüstəmovSəid Rüstəmov: 1907-ci ildə İrəvanda doğulmuşdur. 1930-cu ildə Azərbaycan Dövlət Konservatoriyasının xalq musiqisi fakültəsini, 1932-ci ildə Azərbaycan Pedaqoji Institutunu bitirmişdir. Bəstəkar, dirijor, Azərbaycanın xalq artisti, SSRİ Dövlət mükafatı laureatı olmuşdur.
Səid Rüstəmov 1931-ci ildən Azərbaycan radiosunun xalq çalğı alətləri orkestrinin konsertmeysteri, 1935-ci ildən isə direktoru və bədii rəhbəri olmuşdur. O, 1940-1949-cu illərdə Azərbaycan Dövlət Filarmoniyasının bədii rəhbəri və direktoru, 1943-48-ci illərdə Azərbaycan Radio Komitəsinin musiqi verilişləri redaksiyasının rəhbəri olmuşdur. S. Rüstəmov “Azərbaycan rəqs melodiyaları”, “Beş yüz Azərbaycan xalq mahnıları”, “Azərbaycan aşıq mahnıları”, “Azərbaycan xalq mahnıları”, “Azərbaycan xalq rəngləri” kitablarında musiqi işləmələri apararaq onları nəşr etdirmişdir. 1948-1952-ci illərdə Azərbaycan bəstəkarlar ittifaqının sədri olmuş, 1928-ci ildən Bakı musiqi məktəbində, 1958-1983-cü illərdə Azərbaycan dövlət konservatoriyasında tar sinfində dərs demişdir. S. Rüstəmovun əsas əsərləri “Beşmanatlıq gəlin”, “Durna” və “Rəisin arvadı” komediyaları, solo, xor və orkestr üçün “Azərbaycan” kantatası, xalq çalğı alətləri üçün “Bayatı kürd” fantaziya – kantatası, tar və orkestr üçün konsert, Azərbaycan mahnı, rəqs və xalq çalğı alətləri orkestri üçün “Günəşli Azərbaycan” musiqili dramatik kompozisiya və başqalarıdır. Dramatik səhnə əsərlərinə musiqilər yazmışdır. S. Rüstəmovun “Alagöz”, “Sürəyya”, “Gəlmədin”, “Həkim qız” mahnıları lirik və qəlboxşayandır. Səid Əli oğlu Rüstəmov dəfələrlə Azərbaycan Ali Sovetinə deputat seçilmiş, orden və medallarla təltif olunmuşdur. 1983-cü ildə Bakıda vəfat etmişdir.

Teymur xan MakinskiTeymur xan Makinski: 1874-cü ildə İrəvan şəhərində anadan olmuşdur. İrəvanda yaşayan Maku xanlarının törəmələrindən olan Makinskilər nəsli İrəvan xanlarının nəsil davamçıları İrəvanskilərlə yaxın qohum idilər. Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından biri olan Teymur xan Makinski İrəvan gimnaziyasını, sonra isə Varşava Universitetinin hüquq fakültəsini 1916-cı ildə birinci dərəcəli diplomla bitirmişdir. Teymur xan Makinski XX əsrin əvvəlində Azərbaycanda milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olmuşdur. İctimai-siyasi xadim Teymur xan Makinski Zaqafqaziya Seyminin Müsəlman fraksiyasının, Zaqafqaziya Federasiyasının süqutundan sonra isə Azərbaycan Milli Şurasının üzvü olmuşdur. Milli Şuranın 19 noyabr 1918-ci il tarixli “Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) təsisi haqqında qanun”una əsasən, seçkisiz Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin tərkibinə daxil edilmişdir. T.Makinski 1918 ilin iyun-oktyabr aylarında Azərbaycan hökuməti ədliyyə nazirinin müavini, oktyabrın 20-dən dekabrın sonunadək Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. O, İrəvan quberniyasında yaşayan azərbaycanlıları erməni zülmündən qorunması məqsədilə 1919-cu ilin yanvarında Bakıda təsis edilmiş İrəvan Quberniyası Həmyerliləri Cəmiyyətinin idarə heyətinin sədri seçilmişdir. Teymur xan Makinski 1918-ci il dekabrın 26-dan 1919-cu il martın 14-ə qədər Fətəli xan Xoyskinin 3-cü hökumət kabinəsində ədliyyə naziri vəzifəsini icra etmişdir. O, 1919-cu ilin iyunundan 1920-ci ilin yanvarına qədər Azərbaycan hərbi məhkəməsinin sədri, 1920-ci ilin martından isə yenidən Azərbaycan Xalq Cümhuriyyətinin Ermənistan hökuməti yanında diplomatik nümayəndəsi olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra 1920-ci il mayın 15-də İrəvandakı diplomatik nümayəndəliyin fəaliyyəti Ermənistan hökuməti tərəfindən dayandırılmışdır. Diplomatik nümayəndəliyin başçısı olduğu zaman Zəngibasarda yaşayan soydaşlarımıza maddi yardım göstərdiyinə görə, T.Makinskiyə qarşı Ermənistan prokurorluğu tərəfindən cinayət işi açılmış, lakin o, Gürcüstanın İrəvandakı daimi nümayəndəliyinin yardımı ilə İrəvanı gizlicə tərk edərək mayın 28-də Tiflisə qayıda bilmişdi. Təəssüf ki, Teymur bəy Makinskinin sonrakı taleyi haqqında səhih məlumat yoxdur. Teymur bəy Makinskinin əmisinin oğlu, 1908-ci ildə Peterburq Universitetinin hüquq fakültəsini bitirmiş Abbasəli bəy Makinski Azərbaycan hökumətinin İrəvandakı daimi nümayəndəliyində çalışmışdır. Rus, ingilis, fransız, və alman dillərini bildiyi üçün diplomatik danışıqlarda azərbaycanlıların hüquqlarını müdafiə etmişdir. Abbasəli bəy Makinski 1918-ci ilin payızında Naxçıvanda qurulan Araz-Türk Hökumətinin fəallarından olmuşdur.

Zərifə BudaqovaZərifə Budaqova: 1929-cu ildə İrəvan şəhərinin Dəmirbulaq məhəlləsində anadan olmuşdur. O, 1946-cı ildə İrəvan Pedaqoji Məktəbini bitirmiş və həmin ildə İrəvan Pedaqoji İnstitutunun azərbaycanlı bölməsinin filoloji fakültəsinə daxil olmuşdur. 1948-ci ildə Ermənistandan deportasiya olunan Zərifə xanım təhsilini Azərbaycan Pedaqoji İnstitutunda davam etdirərək 1950-ci ildə oranı bitirmişdir. Azərbaycan EA Dilçilik İnstitutunun aspiranturasına daxil olan Zərifə xanım təhsilini Moskvada davam etdirmişdir. O,1953-cü ildə Moskvada namizədlik, 1963-cü ildə doktorluq dissertasiyaları müdafiə edərək dilçi azərbaycanlı qadınlar arasında ilk filologiya elmləri namizədi və doktoru olmuşdur. 1955-ci ildə Dilçilik İnstitutunda Müasir Azərbaycan dilçiliyi şöbəsinin müdiri təyin edilir və ömrünün sonunadək həmin şöbəyə rəhbərlik edir. 1980-ci ildə Zərifə xanım Azərbaycan SSR Elmlər Akademiyasının müxbir üzvü, 1987-ci ildə Dilçilik İnstitutunun direktoru seçilmişdir. Zərifə xanım 1989-cu ilin noyabrında Bakıda vəfat etmişdir.
Z.Budaqova 150-dən artıq əsərin müəllifidir. Onun rəhbərliyi ilə 10 elmlər doktoru, 25 elmlər namizədi yetişmişdir. Onun rus dilində yazdığı “Грамматика aзербайджанского языка” monoqrafiyası bir sıra xarici dillərə tərcümə edilmişdir. Zərifə xanım akademik, Azərbaycan Milli Elmlər Akademiyası Həsən Əliyev adına Coğrafiya İnstitutunun direktoru Budaq Budaqovun həyat yoldaşı idi.