Menu
İrəvan xanlığının Rusiya tərəfindən işğalı

İrəvan xanlığının Rusiya tərəfindən işğalı

İrəvan xanlığı ciddi strateji-coğrafi mövqeyə malik olduğu üçün tez-tez qonşu dövlətlərin hücumlarına məruz qalırdı. 1779-cu ildə gürcü çarı II İrakli İrəvan xanlığına hücum edərək onun ərazisinin bir hissəsini — Şörəyeli işğal etdi. İrəvan xanlığı müxtəlif dövrlərdə gürcü çarından, Qarabağ və Xoy xanlıqlarından asılı vəziyyətə düşmüşdü. 1783-cü ildə gürcü çarının Rusiyanın himayəsini qəbul etməsindən sonra İrəvana və digər Azərbaycan torpaqlarına qarşı işğalçılıq siyasəti fəallaşdı. Bu isə İrəvan xanlığını Osmanlı dövləti ilə yaxınlaşdırdı. 1795-ci ildə Ağa Məhəmməd xan Qacarın Şimali Azərbaycana birinci yürüşündən sonra İrəvan xanlığı ondan asılı vəziyyətə düşdü. Birinci Rusiya və Qacarlar müharibəsindən sonra Rusiya öz məqsədinə tam nail ola bilmədi. Naxçıvan və İrəvan xanlıqları öz ərazilərini rus işğalçılarından qorumağı bacardı. 1826-cı ildə Rusiya ilə Qacar dövləti arasında yeni müharibə başladı. Türk tarixçilərinin əsərlərində bunun başlıca səbəbi sərhədin yanlış çəkilməsi göstərilir. Lakin bu səbəb yox, bəhanə idi. Rusiya ilə Qacarlar arasında ikinci müharibənin başlanmasının başlıca səbəbi İrəvan və Naxçıvan xanlıqlarının strateji əhəmiyyəti idi. Çar I Nikolay Tiflisə general Yermolovun əmrinə bir piyada tüməni və 6 kazak süvari alayı göndərərək ona İrəvan xanlığını işğal etməyi əmr etdi. 1826-cı ildə ermənilər Qacarların Rusiyaya hücumundan sonra çətin vəziyyətə düşən ruslara kömək etdi. Gözlərini Rusiyaya çevirən ermənilərin başında duran katalikos Nerses Aşdaragesi Rusiyanın köməyi ilə müstəqillik xəyalında idi. 1827-ci ilin oktyabrında rus ordusu Sərdarabad və Abbasabad qalaları önündə xeyli itki verdikdən sonra bu qalaları ələ keçirdi və İrəvanı mühasirəyə aldı. Bir ay davam edən qanlı döyüşlərdən və fasiləsiz mühasirədən sonra ruslar İrəvanı, Həsən xandan ala bildilər. İrəvan qalasının ələ keçirilməsinə görə rus qoşunlarının baş komandanı Paskeviç qraf titulu, xüsusi orden, pul mükafatı və “Erivanski” titulu aldı. İrəvan qalasının alınması Sankt-Peterburqda bayram edildi. Bu münasibətlə xüsusi rəsmi keçid təşkil edildi, medallar təsis olundu. İrəvanın işğalından sonra rus ordusu Azərbaycanın cənubuna doğru irəliləməyə başladı. 1827-ci ildə Təbriz işğal edildi. Şəhəri idarə etmək üçün Təbrizdə müvəqqəti idarə yaradıldı. Rus qoşununun Təbrizi ələ keçirməsi ilə ölkənin içərilərinə yol açıldı. Nəhayət 1828-ci ildə Rusiya və Qacarlar dövləti arasında sülh müqaviləsi imzalandı. Türkmənçay müqaviləsinin şərtlərinə əsasən Qacarlar dövləti İrəvan və Naxçıvan xanlıqlarının Rusiya tərəfindən işğalını tanıdı. Həmin tarixdən etibarən çar hökuməti ermənilərin kütləvi şəkildə İrəvan şəhərində və ətraf bölgələrdə məskunlaşdırmağa başladı. Onlara xüsusi imtiyazlar verildi, bəzi vergilərdən azad edildilər. 1917-ci ilə qədər davam edən bu proses ermənilərin İrəvanda mövqeyini xeyli möhkəmləndirdi və 1918-ci ildə İrəvanda erməni dövlətinin yaradılması ilə nəticələndi.

Kənan Məmmədov
Tarixçi
Tarix sahəsində Maarifləndirməyə Dəstək ictimai birliyinin sədr