İrəvan xanlığının əhalisinin etnik tərkibini oğuz-türk boyları təşkil etmişdir. Tarixi qaynaqlar göstərir ki. Xanlığın əhalisinin əsasını qaraqoyunlu, ağqoyunlu və qızılbaş tayfa birliklərinə daxil olan bayat, əfşar, səədli, baharlı, bayandur, qacar, şamlı, rumlu, ustaclı, təkəli, ayrımlı, muğanlı və s. kimi tayfalar təşkil etmişlər. Qaraqoyunlu, Ağqoyunlu və Səfəvi dövlətlərinin himayəsindən suiistifadə edən Üçkilsə katolikosları və onların Avropadakı havadarları Azərbaycanın olduqca münbit bu ərazisində ermənilərin məskunlaşmasına başçılıq edirdilər. Xristian dövlətlərinin və missionerlərinin vəsaiti hesabına varlanan erməni kilsələri yerli müsəlman hakimlərdən yeni-yeni torpaqlar alırdılar. Bu yollarla ermənilər Azərbaycan torpaqlarında özlərinə yeni yaşayış məskənləri yaradırdılar. Tarixi ədəbiyyatda İrəvan xanlığının əhalisi haqqında səhih məlumatların olmaması həmin ərazidə gedən çoxsaylı müharibələrlə bağlıdır. İrəvan xanlığını ələ keçirmək uğrunda Osmanlı imperiyasının Səfəvilər və Əfşarlar imperiyaları ilə apardığı müharibələr əhalinin etnik tərkibinə ciddi təsir göstərmişdir. Osmanlı sultanlarının şiə məzhəbli qızılbaş türklərin təqib edilməsi haqqında verdikləri fərmanlar İrəvan xanlığı ərazisində də yerli qızılbaş əhalinin türk qoşunları gəlməzdən öncə öz yurdlarını tərk etmək məcburiyyətində qoymuşdu. Həmin fərmanların qızılbaş kürdlərə şamil edilməməsi öz növbəsində kürdlərin də İrəvan xanlığı ərazisinə axınına səbəb olmuşdu. İrəvan xanlığının ərazisində gedən müharibələrdən daha çox ermənilər faydalanırdılar. İ.Şopenin İrəvan xanlığının əhalisinin müxtəlif təbəqələri haqqında verdiyi məlumat xanlığın köklü əhalisinin kimlərdən ibarət olması mənzərəsini ortaya qoyur. Kameral siyahıyaalmanın nəticələri göstərir ki, İrəvan xanlığı ərazisində zadəgan sayılan 270 xan və bəy müsəlman ailəsi, 30 erməni məlik və ağa ailəsi qeydə alınmışdı. Deməli, erməni zadəganları xanlığın ərazisindəki zadəganların cəmisi 10 faizini təşkil etmişdi. Erməni əsilli ABŞ tədqiqatçısı Georgi Burnoutyan da İ.Şopenin kameral siyahıyaalmasının nəticələrini təhlil edərək belə qənaətə gəlmişdir ki, işğaldan öncə İrəvan xanlığının ərazisində 20 minə yaxın erməni yaşamışdır ki, bu da ümumi əhalinin 20 faizini təşkil etmişdir. İrəvan xanlığının 1827-ci ildə rus qoşunları tərəfindən işğalından sonra da bir müddət həmin ərazidə azərbaycanlılar sayca ermənilərdən üstün olmuşdur. Yalnız Türkmənçay (1828) və Ədirnə (1829) müqavilələri əsasında İran və Türkiyədən ermənilərin kütləvi surətdə İrəvan xanlığı ərazisinə köçürülməsi nəticəsində demoqrafik vəziyyət ermənilərin xeyrinə dəyişmişdir. Çar Rusiyasının köçürmə siyasəti nəticəsində ermənilər kompakt şəkildə əsasən azərbaycanlı yaşayış məntəqələrində məskunlaşdırılmışdılar. Bunun nəticəsində azərbaycanlılar ermənilərdən sayca azlıq təşkil etsə də, azərbaycanlı yaşayış məntəqələri erməni yaşayış məntəqələrindən sayca çox idi. 1865-ci ilin məlumatına görə, İrəvan quberniyasında mövcud olan 1198 kəndə 694-də müsəlmanlar, 413-də ermənilər, 10 kənddə ruslar, 91 kənddə isə ermənilərlə müsəlmanlar qarışıq şəkildə yaşayırdılar. Azərbaycanlılar İrəvan şəhərini üzük qaşı kimi əhatə edən və quberniyanın nüvəsi hesab olunan İrəvan qəzasında işğaldan sonra da sayca çoxluq təşkil edirdilər. 1865-ci ildə qəzada qeydə alınan 79661 nəfər əhalinin 46617 nəfərini azərbaycanlılar (tatarlar), 26709 nəfərini isə ermənilər təşkil edirdi. Başqa sözlə, əhalinin 58,5 faizini azərbaycanlılar, 33,5 faizini isə ermənilər təşkil edirdilər. XX əsrin əvvəllərində azərbaycanlılar İrəvan qəzasında hələ də əhalinin əksəriyyətini təşkil edirdi. Həmin vaxt İrəvan qəzasında yaşayan 121809 nəfər əhalinin 65871 nəfərini azərbaycanlılar, 45624 nəfərini ermənilər, 7865 nəfərini kürdlər, 869 nəfərini isə ruslar təşkil edirdi. Faiz nisbəti ilə əhalinin 54,1 faizini azərbaycanlılar, 37,5 faizini ermənilər, 6,5 faizini kürdlər, 0,7 faizini isə ruslar təşkil edirdi. 1905-1906, 1918-1920, 1948-1953, 1988-1989-cu illərdə həyata keçirilən soyqırımlar və deportasiyalar nəticəsində keçmiş İrəvan xanlığı – indiki Ermənistan Respublikası ərazisində hazırda bir nəfər də olsun azərbaycanlı qalmamışdır. Yuxarıda sadalanan faktlar bir daha sübut edir ki, İrəvan xanlığının yerli əhalisi yalnız Azərbaycan türklərindən ibarət olmuşdur, ermənilər isə orta əsrlərdən etibarən müxtəlif yollarla gəlib həmin ərazidə məskunlaşmışlar. Erməni tarixçilərinin İrəvan xanlığının ərazisinin qədim erməni torpağı, əhalisinin əksəriyyətinin isə erməni olması haqında iddialarının da cəfəngiyatdan başqa bir şey olmadığı yuxarıda göstərilən rəqəmlərdən aydın görünür.
Nazim Mustafa
tarix elmləri üzrə fəlsəfə doktor